SON DƏQİQƏ

Ramazanda QİDALANMA necə olmalıdır?

Tarix:

17-05-2018, 19:26

/ 10 583 dəfə oxundu.
Ramazanda QİDALANMA necə olmalıdır?

Orucun əsas məqsədlərindən biri insanlara aclıq  və susuzluğun nə demək olduğunu öyrətməkdir. O, insanları bir-birinə yaxınlaşdırır, doğmalaşdırır. Oruc bundan başqa insanı müxtəlif xoşa gəlməyən yollara sövq edən nəfsini  nəzarət altına almağa kömək edir.

Gunaz.az xəbər verir ki, ramazan ayı havaların isti keçən vaxtına təsadüf etdiyindən, oruc tutan insanlar susuzluqla mübarizə aparmaqda çətinlik çəkirlər. Su olmadan insan orqanizmində həyati əhəmiyyətli proseslərin baş verməsi, ürək, qan dövranı və həzm sisteminin fəaliyyəti mümkün deyil. Gün ərzində mayenin az qəbul edilməsi isə su tarazlığını pozur və insan orqanizmində, xüsusilə həzm sistemində bir çox problemlər yaradır. Buna görə də imsak və iftarda qida seçiminə həssaslıqla yanaşmalı, duzlu və qızartmalı qidaların yerinə tərəvəz və meyvədən hazırlanmış zəngin, duru xörəklər seçməlidirlər.  Şirin məmulatların həddən artıq qəbul edilməsindən çəkinmək lazımdır. Səhər imsakda mütləq su içilməlidir. İftarda su, ayran və kompot daha çox qəbul edilməlidir.  Susuzluğa tab gətirmək üçün yaşıl çaydan istifadə də faydalıdır.

Müəyyən mənada çətinliyi olsa da, oruc tutmağın orqanizmə  faydaları da az deyil. “Oruc tutun, şəfa tapın” hədisi əbəs yerə deyilməyib. Oruc mədə ilə birgə bütün həzm sisteminin və insan bədəninin istirahətinə kömək edir.  O, insanı həzm sisteminin pozulması, ürək və damar, şəkər, yüksək təzyiq və sair kimi xəstəliklərdən qoruyur, eyni zamanda da müalicə edir.

Bəs Ramazan ayında insanlar necə qidalanmalıdırlar?

Oruc tutan şəxs günboyu yemək yemədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət yetirilməlidir. Hazırlanan süfrə daha zəngin olmalıdır. Yağlı yeməklərdən mümkün qədər az istifadə edilməlidir.

Bu ayda balanslı şəkildə qidalanmaq  lazımdır. Belə qidalanma  şəklinə diqqət yetirməyən sağlam insanlarda zaman-zaman həzm çətinlikləri, birdən-birə təzyiqin yüksəlməsi kimi problemlər yarana bilər. Xüsusilə bu dövrdə yeyilən un  məmulatları və yüksək kalorili qidalar çəkinin artmasına, kökəlməyə səbəb ola bilər. Səhər qidalanmasında  yumurta, pendir, süd, qatıq, çörək, yulaf əzməsi, zeytun, qoz ləpəsi, şorba, kompot və ya meyvəyə daha çox üstünlük vermək lazımdır. Bunlar toxluğu təmin edən qidalardır.

İftara xurma, zeytun, su kimi yüngül qidalarla başlamalı, normal yeməyə bir müddət sonra keçilməlidir. Süfrəyə qoyulan qidaların kalorili, insan sağlamlığı üçün lazımlı qida elementlərini özündə birləşdirən, vitamin və minerallarla zəngin olması vacibdir. Xüsusilə tərəvəz və ya qatıq ilə hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək lazımdır. Qatıq qəbulu həzmdə yaranan çətinliyi aradan qaldırdığına görə, süfrədə qatıq, ayran kimi məhsulların olması vacibdir.

Bəzi insanlar sahura qalxıb yemək yemədən oruc tuturlar. Lakin həkimlər qeyd edirlər ki, sahura qalxmadan, eyni zamanda sübh vaxtı yalnız su içərək oruc tutmaq sağlamlığa zərərlidir.

Əziz oxucular, oruc Allahın biz müsəlmanlar üçün vacib saydığı ibadətlərdən biridir və əksər müsəlman bu ibadəti yerinə yetirir. Oruc tutarkən çalışaq ki, düzgün qidalanma qaydalarına əməl edək və sağlamlığımızla bağlı hansısa bir çətinliklə üzləşməyək. Ruhumuzun təmizləndiyi bu müqəddəs ayda Allah bütün müsəlmanların orucunu qəbul etsin!

 

скачать dle 12.1

Şərhlər