SON DƏQİQƏ
» » Bayıl qalasının qəribə sirri: Turistlər orda nəyi görmək istəyirlər? - FOTOLAR

Bayıl qalasının qəribə sirri: Turistlər orda nəyi görmək istəyirlər? - FOTOLAR

Tarix:

17-05-2018, 16:59

/ 10 960 dəfə oxundu.
Bayıl qalasının qəribə sirri: Turistlər orda nəyi görmək istəyirlər? - FOTOLAR

Bu gün turizm sahəsində Azərbaycanı bəzi ölkələrlə müqayisə etdiyimiz zaman, bir çox ciddi məqamların diqqətdən kənarda qaldığının şahidi oluruq. İstər marketinq, istər servis xidmətləri, istərsə də müxtəlif istirahət paketləri və s. məsələlərdə bu problem özünü qabarıq göstərir. Problemli sahələrdən biri də tarixi abidələrlə bağlıdır.

Yəqin ki, sosial şəbəkələrdə dünyanı gəzən turistlərin paylaşımlarında daha çox tarixi yerlərə getdiklərinin, tarixi abidələrlə maraqlandıqlarının şahidi olmusuz. Azərbaycanda da bunu tətbiq etmək mümkündür.

Tursitlərin diqqətini cəlb edə biləcək belə qalalardan biri də qalıqları Xəzərin suları altından boylanan Bayıl qalasıdır.

Bəs görəsən yararsız hala düşən abidələrin yenidən bərpa edilməsi Azərbaycan turizminə nə kimi fayda verər? Bu yollarla ölkəyə davamlı turist qruplarını cəlb etmək mümkün olarmı? Abidələrin bərpasına kimlər nəzarət etməlidir? Bunlar hansı vəsait hesabına və nə qədər müddətə ərsəyə gələ bilər?

Gunaz.az xəbər verir ki, “MİRAS” İctimai Birliyinin sədri, tarixçi Fariz Xəlilli mövzu ilə bağlı Publika.az-a bildirib ki, Azərbaycanda turizm sektorunu canlandırmaq üçün mütləq tarixi abidələrin bərpasına diqqət ayrılmalıdır:

“Azərbaycanda turizm auditoriyası yoxdur. Bu sahədə peşəkarların sayı az olduğu üçün ölkəyə turist cəlb etməyin düzgün üsulları tətbiq edilmir. Əsasən mövcud turizmdə yalnız istirahət istiqaməti diqqətdə saxlanılır. Buna görə də ölkəyə gələn turistlər əyləncə məqsədilə gəlirlər. Bu gün Azərbaycanda yerli sakinlərin belə adını eşitmədiyi, görmədiyi çoxsaylı abidələr var. Yararsız, baxımsız halda qalıblar. Bəzilərini qurumların nəzarətinə verdikləri üçün heç onlara yaxınlaşmaq da olmur. Bərpa olmasa belə o abidələrin görünüşü turistləri cəlb edir. Ümumiyyətlə, turistlər getdikləri ölkənin birinci növbədə tarixinə maraq göstərirlər. Bu mənada abidələrin geniş formada bərpa işlərinə başlanılmasına, həmin yerlərə turist səfərlərinin təşkil edilməsinə xüsusi diqqət yetirilməlidir. Ümumi götürsək, Azərbaycanın istər yerüstü, istərsə də yeraltı abidələri, tarixi məkanları çoxdur. Təbii ki, bunların hər birini eyni anda bərpa edib əhalinin və turistlərin istifadəsinə vermək mümkün deyil. Amma yeni yaranan Turizm Agentliyi fəaliyyətə başladığı zaman bu istiqamətdə işlər görsə, ölkədə tarix turizmi inkişaf edər. Hər şeydən öncə o abidələri bərpa etmək laızmdır ki, insanar ora tez-tez gedə bilsinlər. Məsələn, turistlər sualtı arxeologiya ilə çox maraqlanır. Mən bu barədə çox eşidirəm. Ən azından gəmi ilə dənizin içində olan abidələrin ətrafına səfər etmək istəyirlər. Amma bizim insanlarımızın tarixə o qədər marağı olmadığı üçün bu məsələyə biganə yanaşılır”.

F.Xəlilli onu da əlavə etdi ki, Ermənistan bizim abidələrə sahib çıxmaq üçün dəridən-qabıqdan çıxır:

“Azərbaycan tarixi, mədəni irsi o qədər zəngindir ki, təkcə tarix turizminin inkişafı ilə ölkəyə davamlı gələn turist auditoriyası toplamaq mümkündür. Allahın Ermənistanı özünün olmayan abidələri bərpa və konservasiya edərək bu istiqamətdə qondarma maariflənmə aparır. Bizim bu istiqamətdə həm maarifləndirici məlumatlara, həm də mədəni irsimizin ən gözəl nümunələrinin konservasiya edilərək turistlərin istifadəsinə verilməsinə böyük ehtiyacımız var. Məsələn, Şəmkir qalasında 20 ilə yaxındır ki, arxeoloqlar çalışır. Qalanın bir tərəfi konservasiya edilib, digər hissələri isə yox. Bu mədəni irsə qoruq statusu verilmir. Tovuzda Göytəpə abidəsi var. Cənab prezident özü də bu abidənin bərpası ilə bağlı göstəriş vermişdi. Amma bəzi qurumlar bu təlimatları lazımınca işləyib ortalığa çıxara bilmirlər. Bir çox misallar çəkmək olar, Şamaxının özündə, Qobustanda, digər bölgələrimizdə zəngin mədəni irsimiz var. Elə götürək Çıraqqalanı. Təbii Sərvətlər və Ekologiya Nazirliyi ilə birlikdə qərarlaşdırıb, ora turist səfərləri təşkil etmək olar. Bilirsiz, bu asan iş deyil, vaxt aparan məsələlərdi, büdcədən müəyyən məbləğdə pul ayrılmalıdır. Amma bu istiqamətdə sərf edilən vəsaitlər illər ərzində qat-qat artıq şəkildə elə ölkə büdcəsinə qayıdacaq. Sadəcə olaraq qurumlar öz aralarındakı əməkdaşlığı düzgün təyin edə bilmədiyi üçün, işlər plansız şəkildə görülür. Nəticə isə təbii ki, qənaətbəxş olmayacaq. Turizm bumeranqdır. Bizim insanlar istəyirlər ki, nəsə etmədən qazansınlar. Amma bu sahənin incəliklərini bilən insan dərk edir ki, qazanc əldə etmək üçün əvvəlcə zəhmət çəkməlisən”.Bayıl qalasının qəribə sirri: Turistlər orda nəyi görmək istəyirlər? - FOTOLAR

F.Xəlilli Bayıl qalasının Türkiyədəki Bodrum muzeyi kimi hazırlanmasının daha məqsədə uyğun olduğunu düşünür:

“Dünyanın bir çox ölkələrində, Türkiyədə, İtaliyada, Amerikada sualtı muzeylər var. Azərbaycanda niyə olmasın? Bayıl qalasının özü sualtı muzey üçün olduqca əlverişli yerdədir. Xəzərin altında araşdırma aparılarsa nə qədər binalar tapmaq olar. O vaxt dəniz səviyyəsinin artması ilə tikililərin sualtına qalması Xəzərin dərinliklərində zəngin mənzərələr yaradıb. Bayıl qalası hələ tam dərindən öyrənilməsə də, o ərazidən 700-ə yaxın daş çıxarılıb. Düşünmürəm ki,orada yenidən qala tikmək yaxşı fikirdir. Oanı çox gözəl konservasiya edib sualtı muzey yaratmaq olar ki, turistlər buna maraq duysun. Qalada xeyli rekonstruksiya işləri aparılmalıdır ki, məncə, buna da təxminən 10 milyon manat kifayət edər. Onun içərisində kiçik fond, eksponatlar olasa, daha cəlbedici təsir bağışlayar”.

Mədəni İrsin Qorunması, İnkişaf və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən isə bildirdilər ki, Bayıl qalası abidəsinin bərpası üçün heç bir layihə yoxdur.

Turizm üzrə ekspert İldırım Musayev isə Bayıl qalasının tarixiliyinin qorunub-saxlanılmasının ölkəyə daha çox turist cəlb etmək üçün vacibliyindən danışdı. Onun sözlərinə görə, turistlər getdikləri ölkələrdə tarixi yerlərə daha çox üstünlük verirlər:

“Bayıl qalasının bərpası önəmli faktordur. Ümumiyyətlə, ölkədə turizm sektorunun inkişafı ürəkaçan deyil. Özünü ekspert adlandıran, turizm sektorunda çalışan çoxsaylı insanlar heç mədəni irsimiz haqqında məlumatlı deyillər. Düşünmürəm ki, Bayıl qalasının sualtı muzey halına gətirilməsinə ehtiyac var. Onun bərpası, rekonstruktiv işlərin görülməsi daha yaxşı olar. Təbii ki, külli miqdarda xərc lazımdır və bu bir anda yekunlaşdırılacaq proses deyil. Ancaq mütləq edilməlidir”.

Ölkəyə az sayda turist qruplarının gəlməsini peşəkar kadrların azlığı ilə əlaqələndirən ekspert əlavə edib ki, bələdçilərin dil bilikləri də çox zəifdir:

“Ölkədə nə qədər çalışsalar da, turizm sektorunda lazımı infrastrukturun yaranmasına nail ola bilmirlər. Sual verirsiz ki, niyə digər ölkələrə nisbətən Azərbaycana gələn turistlərin sayı azdır? Çünki ölkədə turistlərin rahat istirahəti üçün zəruri olan şərait, servis, xidmət və bələdçilərin sayı azdır. Bələdçilərin dil bilikləri lazımı səviyyədə deyil. Turistlər şəhərdə onlara bələdçilik edən insanlarla ünsiyyət qura bilmirlər. Əlbəttə ki, bir gələn bir daha gəlməz. Ölkəmizdə o qədər gözəl istirahət guşələri var, amma turistlərin bu yerlərdən bəlkə də xəbərləri yoxdur. Niyə? Çünki təşkilatçılıq yoxdur. Turistlər üçün nəqliyyat önəmlidir. Turizmin 4 önəmli nəqliyyatından (Hava, dəniz, dəmiryol və marşurut nəqliyyatı) yalnız biri Azərbaycanda var. O da ki, minik avtomobilləri və marşurut nəqliyyatı. Onlar istirahətin yarısını tıxaclarda keçirirlər. Təbii ki, mənfi imic yaradırıq. Turizm agentliklərinin fəaliyyəti üçün xüsusi yollar ayrılmalıdır. Turistlər dəmir yolu vasitəsilə regionlara səyahət etmək istəsələr də, bu infrastruktur yoxdur. Yaxşı olardı ki, aydiyyatı qurumlar bu məsələyə ciddi diqqət ayırsınlar. İnsanlar xarici ölkələrə xüsusilə Gürcüstana, Türkiyəyə ona görə çox gedir ki, orada qrup halında səyahət edən turistlərin cibinə uyğun ucuz və yüksək keyfiyyətdə xidmət verən mehmanxanalar var. Bizdə isə yoxdur”.

Ekspert deyir ki, Turizm sahəsində ölkəyə davamlı turistlər cəlb etmək üçün bir neçə nazirlik birlikdə çalışmalıdır:

“Turistlərin ölkəyə təhlükəsiz şəkildə gəlib-getməsi üçün Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi birlikdə hərəkət etməlidir. Eyni zamanda buraya Qida Təhlükəsizliyi Agentliyini də əlavə etmək yerinə düşər. Turistlərin istirahət üçün gəldiyi məkanda sağlamlıqlarını təhdid edən amillərin mövcudluğu ölkənin prestijinə zərərdir. Onların təhlükəsizliyi təmin edilməlidir, qidalanmalarına diqqət ayrılmalıdır. Tək onların deyil, bütün bunlar yerli sakinlərin də yüksək səviyyədə istirahət etməsinə şərait yaradan amillərdir. Düşünürəm ki, yeni yaradılan Turizm Agentliyi gələcək fəaliyyətində bu amilləri nəzərə alacaq. Ölkədə əurizm ən önəmli məsələyə çevrilib. Bu sahənin çiçəklənməsi ölkə iqtisadiyyatı üçün faydalıdır. Tək tarixi deyil, sağlamlıq turizmi, əyləncəyə istiqamətlənmiş turizm sahələri də paralel olaraq inkişaf elətdirilməlidir”.

Ekspert hər ölkənin özünə məxsus adətlərinin də turistlərdə maraq oyatdığını dedi:

"Bəzi Avropa ölkələrində hər il müxtəlif festivallar keçirilir. Əyləncə xarakterli oyunlar təşkil edilir. Bu da turistlərdə həmin yerlərə maraq yaradır. Bütün bunlar turistlərdə nəinki o ölkəyə, həm də həmin ölkənin əhalisinin yaşayış tərzinə də maraq yaradır. Onlarla söhbət edib maraqlı məqamlar haqqında öyrənmək istəyirlər. Bütün bunlar bizim ölkəmizdə də tətbiq edilməlidir. Turizm Agentliyi fəaliyyəti zamanı bütün bunları nəzərə almalı və dəstək üçün ölkədə fəaliyyət göstərən aidiyyəti qurumlarla əlaqə saxlamalıdır".

Xatırladaq ki, Xəzər dənizində yerləşən və Azərbaycan tarixinin bir hissəsi olan Bayıl qalasının yenidən bərpa işlərinin aparılması düşünülsə də, məsələ bu günə qədər də öz həllini tapmayıb. 13-cü əsrə aid Bayıl qalası Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl nümunələrindən biridir. Bakının Bayıl qəsəbəsi yaxınlığında yerləşən qala hazırda dəniz sularının altındadır. Bayıl qalası Xəzər dənizinin suyu azaldıqda dənizin üzünə çıxaraq füsunkar mənzərə yaradan tarixi memarlıq abidəsidir. Qala mənbələrdə müxtəlif adlarla (“Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s.) anılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalada ilk arxeoloji tədqiqatlar 1930-40-cı illərdə arxeoloq İsaq Cəfərzadə tərəfindən aparılıb. 1969-cu ilə qədər davam etmiş tədqiqatlar nəticəsində məlum olub ki, uzun əsrlər suyun altında qaldığından qəsr dağılıb. Onun yalnız özülləri, epiqrafik abidələri və yazılı daş kitabələri qalıb.

скачать dle 12.1

Şərhlər