SON DƏQİQƏ

Dəyərli pedoqoqlarımızı tanıyaq

Tarix:

15-05-2018, 13:04

/ 10 702 dəfə oxundu.
Dəyərli pedoqoqlarımızı tanıyaq

 

Ömrünün 85 ilini yaşayan müəllim, pedaqoq, ziyalı haqda oxucuları tanış etmək istəyirəm. Təhsilimizin inkişafında xüsusi xidmət göstərmiş, şagirdlərimizin vətənpərvər ruhda böyüməsində, təlim-tərbiyyə olunmasında 60 il yorulmadan çalışmış Təvəkkül Allahverdiyev 1933-cü il may ayının 2-də Zəngəzur mahalının Qubadlı rayonunun Şıxava (Yuxarı Həmzəli) kəndində Həkəri çayının sahilində ziyalı ailəsində dünyaya göz açıb. 7-ci sinifə qədər Qaracallı 7-illik kənd məktəbində oxuyub. 8-ci sinfi isə qonşu Muradxanlı kənd məktəbində bitirib. 1948-ci ildə ailə vəziyyəti ilə əlaqədar Ağdam şəhərinə köçüblər. Böyük qardaşı İlyas Allahverdiyev 1947-ci ildə BVM-dən zabit olaraq tərxis olunduqdan sonra DİN-də işə düzəlir və onu Şuşa türməsinə rəis vəzifəsinə göndərirlər. Təvəkkül Allahverdiyev bir müddət Şuşada təhsil alır. İlyas Allahverdiyevi gah Qazaxa, gah da Lənkərana həbsxanada qayda-qanun yaratmaq üçün göndərirlər. Qardaşı Təvəkkülü də özü ilə aparır. Beləliklə, Təvəkkül  Allahverdiyev bir neçə ay Lənkəranda təhsil aldıqdan sonra yenidən Qubadlı rayonuna qayıdır və Muradxanlı kənd orta məktəbini bitirir.

Təvəkkül Allahverdiyev Ağdam şəhərində 2-illik Ali Orta Təhsil İnstitutunu bitirdikdən sonra İmişli rayonuna təyinatı verilir. Dünya görmüş müəllim o illəri belə xatırlayır:

- 1951-ci ildə Azərbaycan iki vilayətə bölünmüşdü. Gəncə vilayəti və Bakı vilayəti.

Gəncə Vilayət Partiya Komitəsinin birinci katibi İmam Mustafayev, ikinci katibi isə Mirağa Əliyev idi. Mirağa Əliyevlə qardaşım İlyasın, sənin atanın arası sərin idi. Çünki İlyas Allahverdiyev Qubadlıda NKV-də məsul işçi idi. Tabeliyində bir çox idarələr var idi.

Mirağa Əliyev isə Qubadlı rayon Partiya Komitəsinin birinci katibi idi. Qubadlıda bir bina tikirmişlər. İlyas müəllim binanın tikilməyinə qol çəkmir və izah edir ki, binanın bir tərəfi yarağandır, təhlükəlidir, uça bilər. Digər tərəfdən yanğın baş versə, binanı necə söndürmək olar?

Mirağa Əliyev isə inadından əl çəkmir.

Vəli Axundov İlyas müəllimlə həm dost idi, həm də onun yaradıcılığına bələd idi.

Mirağa Əliyev sonradan İlyasla dostlaşır və onun prinsipial bir jurnalist olduğunun şahidi olur.

Beləliklə, İlyas Allahverdiyev “Gəncə Kommunisti” qəzetinin zonalar üzrə xüsusi müxbiri vəzifəsinə təyin olunur. Rəhmətlik Altay Məmmədov, Kəramət Tağıyev və bir çox ziyalılarla yaxından dostluq münasibətləri var idi. Bir ildən sonra vilayət ləğv olunur.

İmam Mustafayev Azərbaycan KP MK-nın birinci katibi təyin olunur. Qardaşım İlyas Allahverdiyev “Kommunist” qəzetinin zonalar üzrə xüsusi müxbiri vəzifəsində işləyir. İlyas məni İmişli rayonunun Sarxanlı kəndinə gətirdi. Maarif naziri ilə dost olduğu üçün mənim təyinatımı İmişli rayonunun Jdanov kolxozundakı orta məktəbə göndərdilər. Kolxoz sədri Yusif Şirinov qardaşımla dost idi. Sosialist Əməyi Qəhrəmanı olan Yusif Şirinov kolxozu qabaqcıllar sırasına çıxartmışdı. Kolxozun 53 min baş qoyunu, mal-heyvanı, dəvəsi var idi. Bir həftə Yusif dayının bir otaqlı evində qaldım. Kənd məktəbində dərs deməyə başladım. Yusif Şirinov məni baş mühasib Bahadur kişiylə tanış edib dedi:

- Bu cavan oğlan bizim İlyasın qardaşıdır. Beləliklə, Bahadur kişinin evində qalaraq 1962-ci ilə qədər 9 il kənd məktəbində dərs dedim. 1955-ci ildə APİ-yə qiyabi qəbul olundum və qabaqcıl müəllim olaraq rayonda hörmət qazandım.

O vaxtlar rayonun birinci katibi Rza Aslanov idi. İntriqa ilə məşğul idi.

Bir gün katib məni çağırıb dedi ki, Sabir adına kolxozun mühasibi adından MK-ya zəng elə ki, rayonun spalkomu Çobanzadəyə 10 min manat pul verdim ki, katibə çatdırsın. KQB və Prokuror bu işlə məşğul olarlar. Spalkomu işdən çıxardaram, sənə də yaxşı bir iş verərəm. Mən isə dedim: Axı mən yalandan kiməsə şər ata bilmərəm. Bu məsələni qardaşıma dedim.

Onu da qeyd edim ki, qardaşım İlyasın hesabına oxuyub ailə quran böyük qaynı da İmişlidə işləyirdi. İlyasın qaynı arvadı ilə birlikdə birinci katibin evinə gedib gəlirdi.

Bu hərəkət İlyas müəllimə çox pis təsir edirdi. Çünki katibin yaramaz bir insan olduğunu bilirdi. İlyas qaynını ailəsi ilə birlikdə İmişlidən Sumqayıta təcili köçmələrini tələb etdi. Çünki İlyas qaynını oxutmuş, evləndirmiş və vəzifə sahibi etsə də, belə yaramaz insanla dostluq edən qaynının bu hərəkətini bağışlamırdı.

Bir gün Özbəkistandan rayona pambıqçılar gəlir. MK katibi İmam Mustafayev də Saatlıya gəlir. İmam Mustafayevlə mehriban görüşən İlyas müəllim katibin yarıtmaz fəaliyyətindən danışır. İmam müəllim deyir:

- Mamed İsgəndərov onu bizə caladı (Ali Sovetin sədri Qubadlılı). Mamed İsgəndərov ötkəm insan olsa da, Rza görünür onun etimadını qazanıbmış, lakin intriqabaz olduğunu bilmirmiş.

İmam Mustafayev köhnə dostu İlyas müəllimi vaqona çağırır və deyir:

- Bütün bunları yaz, şəxsən mənim adıma...

Bir neçə gündən sonra MK-nın bürosu çağırılır. Rza Aslanov işdən çıxarılır...

İlyas Allahverdiyevin “Kommunist” qəzetinin xüsusi müxbir təyin olunmasında o vaxtkı MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri, sisyanlı Mamed İsgəndərovun, İmam Mustafayevin, Vəli Axundovun rolu olub.

Öz kəndinə körpü tikdirən İlyasdan MK-ya material yazdılar ki, İlyas Qubadlılı Mamed İsgəndərovun qohumudur. Hansı ki, İlyasın qohumu Sisyanlı Mamed İsgəndərov idi…

Teymur Əliyev İlyas Allahverdiyevin müharibə illərində köməkçisi olub. Qardaşım müharibədə komandir olub. Danel Quliyev də onunla müharibədə bir olublar. Ağababa Rzayev də İlyasın xətrini istəyirdi.

1966-cı ildə Çəmənli kənd məktəbində müəllim işləyirdim. Bərk xəstələnmişdim. İlyas müəllim Zağulba sanatoriyasına bir “putyovka” təşkil etmişdi. Zağulbada vəzifəli şəxslər istirahət edib müalicə oluna bilərdilər. Xasay Şahmuradov adlı bir şəxs mənə fikir verirmiş. Bir gün dedi ki, sən harada işləyirsən? Deyəndə ki, kənddə müəlliməm, çox təəccübləndi ki, bura necə gəlmisən? Sanatoriyada qaldığımız müddətdə bu nurani kişiylə mehriban söhbətlərimiz olurdu. Bir gün o, dedi: - Ağdam şəhərində yeni bir məktəb tikilib. Rayon Partiya Komitəsinin katibi Telli Rüstəmova bu məktəbə direktor təyin olunacaq. Səni axtarıb taparam. Rayona mən gələcəyəm. Sən demə, Xasay Şahmuradov Maarif Nazirliyində idarə rəisi imiş. Nazir Mehdizadənin sağ əli imiş.

Beləliklə, Ağdam şəhər 8 №-li tam orta məktəbə direktor müavini təyin olundum. 1953-cü ildən 2010-cu ilə qədər müəllim, direktor müavini işləmişəm.

1993-cü ildə Ağdam rayonumuz erməni quldurları tərəfindən işğal olunduqdan sonra Bakıda məskunlaşmışıq.

Qubadlının Şıxava kəndinin ilk ali təhsilli müəllimi Təvəkkül Allahverdiyevdir.

Şıxava kəndindən ilk Ali Partiya Məktəbini və Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirən qardaşım İlyas Allahverdiyev olmuşdur.

Şıxava kəndindən Tibb Universitetini bitirən ilk həkim Təvəkkül müəllimin qızı Yeganə Allahverdiyevadır. İkinci ali təhsilli həkim isə Ceyran Əliyevadır.

Əslən bu kənddən ilk dəfə texnika elmləri namizədi olan ixtiraçı da Aynurə Təvəkkül qızı Allahverdiyevadır.

Təvəkkül Allahverdiyev mənim kimi nə qədər şagirdlərə dərs demişdir. Əmimizin maraqlı söhbətlərindən ayrılmaq olmur.

May ayının 2-də Təvəkkül müəllimin 85 yaşı tamam olur. Bu münasibətlə Təvəkkül müəllimi Allahverdiyevlər adından, eləcə də “Həkəri” qəzetinin kollektivi adından səmimi qəlbdən təbrik edir. Arzu edirəm ki, erməni əsarətində qalan doğma Ağdamımız, Qubadlımız, Laçınımız və digər torpaqlarımız işğaldan azad olunsun, o doğma yurdumuzda yenidən evlərimizi bərpa edək, ocaqlarımızı qalayaq, dərd-qəmdən uzaq olaq. Amin.

 

Dəyərli pedoqoqlarımızı tanıyaqR.İlyasoğlu

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ