SON DƏQİQƏ
» » Keçmiş nazirin “5-liyi”: Nazir müavini, kürəkən, aparat rəhbəri, şöbə müdirləri…

Keçmiş nazirin “5-liyi”: Nazir müavini, kürəkən, aparat rəhbəri, şöbə müdirləri…

Tarix:

29-04-2018, 15:23

/ 10 848 dəfə oxundu.
Keçmiş nazirin “5-liyi”: Nazir müavini, kürəkən, aparat rəhbəri, şöbə müdirləri…

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev aprelin 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu vəzifədən azad edərək, onun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin edib.

Vəzifədən azad olunma sərəncamı Səlim Müslümov üçün o qədər gözlənilməz olub ki, o, hətta  işdən çıxarılanlardan fərqli olaraq, indiyədək heç bir açıqlama vermək halında deyil: “O, bu dəqiqə də şokdadır, istisna deyil ki, belə sürprizdən də çox incik düşüb. Lakin bu hərəkəti ona daha böyük problemlər aça bilər”.
 Məlumatda hazırda Səlim Müslümovun Bakıda evində olduğu deyilir və o, müxtəlif bəhanələrlə heç kimin telefonlarına cavab vermir: “Bəzi saytlarda yayılıb ki, guya Səlim Müslümov Ağsuya yola düşərkən işdən  çıxarılma xəbərini eşidib. Bu, yalandır. O, sərəncam veriləndə də Bakıdaydı, indi də belədir”.
Keçmiş nazirin komandasının 5 əsas üzvü…
Məlumata görə,  hazırda Səlim Müslümovun nazirlikdəki 5 əsas adamı – aparat rəhbəri Əjdər Cəbiyev, dayısının kürəkəni Fuad Əlizadə, nazirliyin bütün maliyyə, tender və sair əməliyyatlarının aparıldığı İqtisadiyyat şöbəsinin müdiri, Səlim Müslümovun İqtisad Universitetində dekan müavini işlədiyi zamanlardan tanıdığı Şəlalə Cəfərova, nazir müavini İdris İsayev və mətbuat xidmətinin rəhbəri Elman Babayev bərk təşviş içindədir:
“Çox maraqlıdır ki, bu 5-lik başda olmaqla, xeyli vəzifəli şəxs Səlim Müslümov DSMF sədri olandan vəzifəyə gətirilib, sürətlə böyüdülüb, var-dövlət, bir sözlə, karyera sahibinə çevriliblər. Sözüm odur ki, indi bunların heç biri özündə təpər tapıb, liderlərinə sədaqət göstərə, ərizələrini yeni nazir Sahil Babayevə təqdim edə bilmirlər, etməyiblər. Görünür, bunların komanda və ya sadiqlik anlayışı vəzifənin ömrü ilə ölçülür. Məncə, Səlim Müslümov üçün bundan böyük acı həyat dərsi olmamalıdır”.
Mənbə onu da deyir ki, bu gün Səlim Müslümovun illər əvvəl “küllükdən çıxarıb, adam elədiyi” elə məmurlar var ki, əlində qovluq hətta onu satmağa da hazır vəziyyətdədir:
“Əgər prezdent bir naziri yarıtmazlığına görə dəyişibsə…”
“Bu, el dili ilə desək, ona çörək verənə xəyanət olsa da, görünür, onlar üçün vəzifə hər şeydən üstündür. Və maraqlıdır ki, hazırda belələri müəyyən dairələrə çıxıb, vəzifədə qalmaq üçün bütün imkanlarını səfərbər ediblər. Bəli, bu göz yaşı axıdan “timsah”lar hətta elə rollara giriblər ki, normal insan düşüncəsi bunu heyrətsiz qarşılaya bilməz. Maraqlıdır ki, bunların bəzilərinə “narahat olma” vədi verənlər də var.
Düşünürəm ki, o vəd verənlər birbaşa Prezidentə ən böyük xəyanət edənlərdir. Əgər prezdent bir naziri yarıtmazlığına görə dəyişibsə, məntiqlə onun komandası da getməlidir. İnanıram ki, yeni nazir belələrini uzaqlaşdıracaq. Əks halda bu  nazirlikdə heç bir irəliləyiş mümkün deyil. Zatən Səlim Müslümov nazirliyi yan üstə qoyub.
O, keçmiş nazir Füzüli Ələkbərovdan qalan bəzi mütərəqqi layihələri də məhv elədi, pensiyaçıların evini isə yıxdı. Sözsüz ki, o, bunu tək deyil, nazirlikdəki yaxın çevrəsi ilə birlikdə edib”.
SƏLİM MÜSLÜMOV ƏJDƏR CƏBİYEVLƏ
Bəzi mətbu orqanlarında aparat rəhbəri Əjdər Cəbiyevin artıq vəzifəsindən azd olunmaq ərəfəsində olduğu haqda yayılan xəbərlərə də toxunan müsabibimiz deyir ki, yaxın müddətdə o və əsasən, keçmiş nazirin “qara işləri”ni görənlərlə bağlı əmr veriləcəyi gözləniləndir: “Faktdır ki, Əjdər Cəbiyev və yuxarıda adları qeyd edilən komandasının adı nazirliklə bağlı bütün narazılıqlarda hallanıb. Bu adamlar qardaş, quda, kürəkən, gəlin və sair statusda olan qohumlarınə da nazirliyin ayrı-ayrı strukturlarında prestijli işlərlə təmin ediblər. Əlbəttə, bu baxımdan yeni nazirin “təmizləmə əməliyyatı”na daha tez başlayacağə daha məntiqli görünür. Eyni zamanda, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olan Səlim Müslümovgilin yeznəsi Fuad Əlizadəni də yola salacağı gözləniləndir”.
Kürəkənin həyat yolu və sürətli yüksəlişinin sirri
Yeri gəlmişkən, qeyd edık ki, bəzi mətbu orqanlarında Fuad Əlizadənin Səlim Müslümovun bacısının kürəkin olduğu yazılıb:
“Bu, səhv məlumatdır. O, keçmiş nazir Səlim Müslümovun bacısının deyil, dayısının kürəkənidir.
 Məhz bu faktora görə Dillər Universitetinin filologiya fakültəsinin məzunu olan Fuad Əlizadə qısa zamanda əvvəl DSMF-nin, sonra isə nazirliyin ən strateji sahələrdən birinin rəhbəri təyin edlib.
FUAD ƏLİZADƏ ELMAN BABAYEVLƏ
Düzdür, o, Səlim Müslümovla qohum olandan sonra başqa ixtisaslara da şübhəli olduğu qədər də sürətli formada yiyələnib.
Məsələn, maraqlıdır ki, 2005-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsindən başlayaraq, sürətli karyeraya sahiblənmiş Fuad Əlizadə məhz elə həmin il İqtisad Universitetinin maliyyə və kredit fakültəsində iki illik ixtisasartırma kursuna cəlb edilib. Və əsl sual da elə buradan yaranır: necə, kimin təqdimatı ilə qəbul olub? Bəs, orada necə, hansı qrupda, kimlərə bir yerdə oxuyub?! Bəlkə, o zamandan DSMF sədri postu ilə yanaşı, həm də həmin universitetdəki Maliyyə kafedrasında yarımştat vəzifə tutan Səlim Müslümov onun əvəzinə oxuyub?!
Fuad Əlizadənin sonrakı yüksəlişinə diqqət edin:
FUAD ƏLİZADƏ MÜSLÜMOVUN AİLƏ ÜZVLƏRİ İLƏ BİRLİKDƏ TÜRKİYƏDƏ OLARKƏN
Baxın, Səlim Müslümov 22 oktyabr 2013-də nazir təyin edilib. Bundan 22 gün sonra, yəni 14 noyabr 2013-də Fuad Əlizadəni, yəni kürəkənlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə gətirib. Üzərindən 5 ay keçməmiş isə Müfəttişlik Xidmətinin rəisi vəzifəsinə keçirib və indiyə qədər o vəzifədə çalışır.
Eyni sürətli və toxunulmaz vəzifə yüksəlişini Əjdər Cəbiyev, Elman Babayev, Şəlalə Cəfərova, hətta nazir müavini İdris İsayev və digərləri də keçib. Yəni bunlar Səlim Müslümovun DSMF, hətta bəziləri ondan da qabaq biznes qurumlarından gələn komandası olublar”.
Heydər Əsədovun qardaşına da yüksək vəzifə verilibmiş…
Məlumatlı şəxs deyir ki, yeni nazir böyük ehtimalla adıçəkilənlərlə yanaşı, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun DSMF-də ən böyük departamentin rəhbəri olan qardaşı Şiraslan Əsədovla da yolları ayıracaq:
“Fakt budur ki, bu komanda ilə gerçək islahat aparmaq mümkün deyil. Mümkün olsaydı, Prezident İlham Əliyev bu komandanın liderini çıxarmazdı da. Ona görə, hesab edirəm, yeni nazir Sahil Babayev nazirliyə yeni və daha peşəkar ruhli kadrları gətirəcək…”.
SƏLİM MÜSLÜMOVUN QƏBULU: Əjdər Ol, Fuad Əlizadə, Elman Babayev
Məlumatlı şəxs Səlim Müslümova yeni vəzifə verilib-verilməyəcəyinə də toxunub. Bildirib ki, belə bir ehtimalın gerçəkləməsi mümkünsüz görünür:
“Xatırlayırsınızsa, bir neçə gün əvvəl Səlim Müslümovun  pensiya fonduna daxil olan 2 milyard manatı yoxa çıxarması haqda “Yeni Müsavat”da araşdırma materialı dərc olunub. Mən iddia etmirəm ki, məhz bu qədər yeyinti baş verib. Lakin güman edirəm ki, bu kimi yeyinti faktları var.
Təkrar edirəm, həm yeyinti, həm yarıtmaz idarəçilik, fəaliyyət olmasaydı, adi bir yoxsul şöbə müdirinin qısa zamanda 300-350 minlik ev, bahalı maşın və sair əmlak alması (Həmin şəxs və digərlərinin nazirlikdəki fəaliyyəti haqda ayrıca araşdırma gedir – redak) mümkün də deyil.
İkinci bir tərəfdən, Səlim Müslümovla kirvə olan kənd təsərrüfatı naziri Heydər Əsədovun da eyni gündə vəzifədən çıxarılması və heç bir iş verilməməsi də göstərir ki, onlarla bağlı qərar geri dönüşü olmayan həddədir. Söz yox ki, kiməsə yüksək vəzifə verilib-verilməməsi birbaşa Prezidentin  səlahiyyətindədir…”.
Son olaraq onu da bildirək ki, bu nazirlik “sosial sifariş” adı ilə müxtəlif QHT-lərlə də əməkdaşlıq edib, hər biri böyük pullarla ölçülən çoxsaylı qrant layihələri paylayıb. Həmin  layihələrin icrası və sair məsələlərlə bağlı ciddi ittihamlar da səslənir.
Məsələn, QHT rəhbəri Sahib Məmmədov ötən gün sosial şəbəkədə bu layihələrin müəyyən “faiz” alınmaqla, özlərinə yaxın olan QHT-lərə verildiyinə işarə vuran şərh də yazıb. Hətta bəzi QHT rəhbərləri həmin layihələrin verilməsi üçün niyə məhz nazirin adına məktub yazılmasının səbəblərinə diqqət çəkiblər…(“Reytinq”)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ