SON DƏQİQƏ
» » Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: “Mən demokrat deyiləm, çünki onun mahiyyətini bilirəm” - VİDEO

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: “Mən demokrat deyiləm, çünki onun mahiyyətini bilirəm” - VİDEO

Tarix:

4-03-2018, 18:54

/ 11 069 dəfə oxundu.
Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: “Mən demokrat deyiləm, çünki onun mahiyyətini bilirəm” - VİDEO

ONN media Musavat.com-un  “Bizim qonaq” rubrikasının qonağı olan sosioloq-şair Əhməd Qəşəmoğlu ilə söhbəti,. cəmiyyəti maraqlandıran bir çox məsələlərə aydınlıq gətirən  həmin müsahibəni təqdim edir.

- Əhməd müəllim, cəmiyyətin əhval-ruhiyyəsini necə qiymətləndirirsiniz? Təxminən 1 ay sonra prezident seçkisi olacaq? Digər tərəfdən, Novruz bayramı yaxınlaşır? Ancaq cəmiyyətdə sanki bir sönüklük var? Sizin üçün mənzərə necədir?

- Hər bir xəstəliyin müəyyən simptomları var və ona əsasən bilmək olur ki, insan hansı xəstəliyə tutulub. Əgər bu gün cəmiyyətimizdə xoşagəlməyən hallar, özünəqəsd halları, zorakılıq hadisələri varsa, deməli, əhval-ruhiyyə o qədər də yaxşı deyil. Ancaq bir məqam da var ki, bütün bunlar təkcə Azərbaycan üçün spesifik deyil. Hazırda bütün yer üzündə vəziyyət əvvəlkindən fərqlidir. Mən 20 yaşımdan etibarən dünyanın müxtəlif ölkələrini gəzmişəm, müşahidələr aparmışam, təhlillər etmişəm. 20-30 il öncə Avropada və ya başqa ölkələrə gedəndə bir xoş ovqatla qarşılaşırdın, ancaq indi haraya ayaq basırsansa, bir gərginlik var. Təbii ki, bu Azərbaycanda da belədir. Ancaq ölkəmizdə müsbət bir hal da odur ki, oxşar regionlarda qan su yerinə axır, bizdə isə bu mənada sabitlikdir. Bu yarğanın yanından biz də ötüb keçmişik, bizim ölkəni də həmin ölkələrə döndərə bilərdilər. Bu bir çox güc mərkəzlərinin marağında idi. Bu gün Azərbaycanda sabitliyin olması çox yaxşı bir haldır. Ancaq ümumən cəmiyyətin əhvalı arzuedilən səviyyədə deyil.

- İnsanlarda sanki bir daxili gərginlik, pessimizm var. Bunun səbəbi nədir?

- İnsanları daha çox rahatlaşdıran, pozitiv edən amil sabaha inamdır. Bu faktordan sovet hökuməti çox məharətlə istifadə edirdi, camaatı inandırırdı ki,  indi vəziyyətin pis olmasına baxmayın, 5 ildən sonra çox yaxşı olacaq. Bunun üçün təbliğat metodlarından  da istifadə edirdilər. Həmçinin qiymətlərdə dəyişiklik edirdilər, universiteti bitirənlər işlə təmin olunurdu. Bu gün təəssüf ki, bu məsələlərə önəm verilmir. Həmçinin dünyada yaşanan gərginliyi  ölkədə də hiss edirik. Bu Azərbaycanın daxilində həll olunası iş deyil, dünyanın hər hansı bölgəsində gedən prosesi bu gün Bakıda, Şəkidə, Lənkəranda yaşayan vətəndaş da hiss edir, gərginlik keçirir. SSRİ informasiya blokadası yaratmışdı və daxildə təbliğat maşını işləyirdi, ancaq indi onu etmək mümkün deyil. İndi insanları aldatmaq mümkün deyil ki, 5 ildən sonra hər şey yaxşı olacaq, çünki özləri hər şeydən məlumat ala bilirlər.

- İnsanları pessimizmə sürükləyən siyasi azadlıqların olmamasıdır, yoxsa iqtisadi problemlərdir?

- Bir dəfə rəhmətlik Əbülfəz Elçibəy Xalq Cəbhəsinin 10 illik yubileyində çıxışında dedi ki, bizim xalqa nə lazımdır- azadlıq və demokratiya... Mənim də Əbülfəz bəylə dostluq münasibətlərim var idi, ərkim çatırdı. Yanından keçəndə astaca dedim ki, Əbülfəz bəy, bizim xalq heç  bilmir ki, azadlıq nədir, demokratiya nədir. Dönüb dedi ki, Əhməd bəy, sən yenə başladın? Ertəsi gün mən azadlığın mahiyyəti barədə bir yazı yazdım, qəzetdə dərc olundu. Sonra da Əbülfəz bəy  onu oxuyub mənə xəbər göndərmişdi ki, Əhməd bəy düz deyir, məni inandırdı. Bizim xalqda azadlıq barədə təsəvvür çox da aydın deyil. Mənim təbliğ etdiyim elmi bir nəzəriyyə var, “Ahəngyol” nəzəriyyəsi... Orada azadlığa verilmiş tərif belədir: O adam daha çox azaddır ki, öz təyinatına uyğun olaraq fəaliyyət göstərməkdə daha çox imkanları var. Sizin imkanınız çoxdursa, daha çox azadsınız, imkanınız azdırsa, daha az azadsınız. Ancaq öz təyinatınıza  uyğun fəaliyyətdə.

- Bəs demokratiya?

- Bizim xalqda demokratiya haqqında da təsəvvür lazımi qədər deyil. Demokratiya ideyası  bizim eradan 4 əsr əvvəl Yunanıstanda formalaşdı, inkişaf elədi. Sokrat, Platon, Aristotel demokratiya ideyasını dəstəkləmədilər. Çünki fəlsəfi olaraq  təhlil edəndə orada çoxlu anlaşılmazlıqlar və qeyri-dəqiqliklər  var idi. Bir neçə qondarma ideyalara uyan əhali Yunanıstanı elə vəziyyətə qoydu ki, II Flipp Makedoniyadan gəldi və bu ölkənin başına elə oyun açdı ki, hələ də Yunanıstan özünə gəlməyib. Bundan sonra, 2 min il yer üzü demokratiya haqqında danışmadı. Ta ki, XVI-XVII əsrə qədər... Mən demokrat deyiləm, çünki onun mahiyyətini bilirəm. Demokratiya məqsəd deyil, vasitədir. Mənim məqsədim ölkənin tərəqqisidir. Buna xidmət edən nə varsa, mən o addımı atmalıyam. Ancaq bu demokratikdir, bu isə onu pozur –anlayışı doğru deyil. Bizim məqsədimiz özümüzü demokratik göstərmək deyil, ölkənin tərəqqisinə xidmət etməkdir. Bu təkcə demokratiya ilə deyil, bir çox metodla mümkün ola bilər. Mənə o demokratiya lazımdır ki, o ölkəmin tərəqqisinə xidmət eləsin.

- Sizcə, bunun nəticəsidirmi, Amerikanın süni yolla demokratiya gətirmək istədiyi bütün ölkələrdə xaosdur?

- Demokratiya prinsipləri qanuni oğruların qanunları ilə oxşarlıq təşkil edir. Mən əsla bu ikisini bir tutmuram.  Ancaq bir  məqam var ki, demokratiya da məhz müxtəlif təbiətli insanların bir araya gəlməsi nəticəsində formalaşmış cəmiyyətlərdə müsbət rol oynaya bilir. Amerikada demokratiya ideyasının meydana gəlməsinin də səbəbi o idi ki, dünyanın müxtəlif yerlərində öz cəmiyyətində qəbul olunmayan insanları qovalayıb Amerikaya toplamışdılar. Onlarda digər xalqlardakı kimi qədim adət-ənənə yox idi. Belə olan halda demokratiya ideyası daha yaxşı işlədi və insanlar formal olaraq bir-biri ilə razılaşmaq məcburiyyətində qaldılar. Ancaq Şərqdə demokratiya ideyası arzuolunan səviyyədə işləmir.

- Əhməd müəllim, sizcə, XX əsrdən etibarən demokratiya ideyası niyə bu qədər önəmli məqsədə çevrildi?

-Bu çox ciddi dünya alimlərinin, o cümlədən də mənim fikrimdir ki, yer üzündə hər zaman bir aparıcı ideya olmalıdır. Təkcə yer üzündə deyil, istənilən sosial sistemdə bir aparıcı ideya olmayanda, onu idarə etmək olmur. Avropa elmi kəşflərin vüsət aldığı XVII əsrdən belə bir ideya irəli sürdü ki, elmdə böyük bir kəşf olacaq, bununla da insanlar xoşbəxt olacaq. XVII əsrdən XX əsrin əvvəlinə qədər Avropada hakim oldu, buna uyğun olaraq da maarifçilik  ideyası formalaşdı. Yəni, insanlar  daha çox təhsil alsın və daha çox böyük elmi kəşflər olsun, tərəqqi ideyasının kökündə bu dayanırdı.  XIX əsrin sonu, XX əsrin əvvəllərində fikir adamları gördülər ki, elmdə böyük kəşflər olduqca cəmiyyətdə daha böyük problemlər ortaya çıxır. Bununla da Avropanın tərəqqi ideyası sona çatdı. Bu zaman Amerika inkişaf edib güclənirdi və dünyanın aparıcı ideyası kimi demokratiyanı irəli sürdü. Bu ideya da XX əsrin 50-ci illərinə qədər müsbət rol oynadı. Demokratiya deyəndə fərqli qüvvələrin bir-biri ilə razılıq əsasında fəaliyyətini təmin edən bir prinsip nəzərdə tutulurdu. Ancaq II dünya müharibəsindən sonra dünyada dəhşətli bir proses başladı, müxtəlif güclü qüvvələr ortaya çıxdı və onlar yer üzündə bütün ölkələrin rahat inkişafını istəmədilər. Çünki onlar dünyanı qarışdırmağın ideyasını düşünməyə başladılar. Məqsəd isə öz maraqlarını həyata keçirmək idi. Onlar demokratiya ideyasına müstəqil dövlətləri olmayan xalqları cəlb etməyə başladılar və qarışıqlıq yaranmasına nail oldular. Dağıdıcı ideyalardan biri kimi də, etnik və dini ayrı-seçkilik əsas götürüldü. Belə olan halda artıq demokratiya ideyası əvvəlki aktuallığını itirdi. Bu gün tərəqqi və demokratiya ideyasının əhaliyə düzgün çatdırılmasına ehtiyac var. Cəmiyyət sürətlə dəyişir və belə olan halda 30-40 il əvvəlki azadlıq və demokratiya ideyaları nəinki, tərəqqiyə xidmət edir, bir çox hallarda mane olur. Demokratiyanın hazırda cəmiyyətin mahiyyətini əks etdirən bir ideya  olmaması Avropada da ciddi elmi dairələrdə qəbul olunur. Dünya alimləri olaraq biz bir yerə toplaşanda, kimsə durub demokrat olduğunu  desə, orada hamı ona gülər. Ancaq hələ ki, siyasətçilərə demokratiya pərdəsi lazımdır, bunun altında ikiüzlü siyasətlərini həyata keçirə bilirlər.

- Ailə də cəmiyyətin kiçik bir modelidir. Azərbaycanda formalaşmış qədim bir ailə institutu var idi, ancaq orada da insanlar, əsasən də qadınlar xoşbəxt deyildi. İndi müasir Avropa dəyərləri əsasında yeni bir ailə modeli formalaşır, lakin yenə də cütlüklər xoşbəxt deyil. Elə boşanmaların statistikası da bunu təsdiq edir. Sizcə, səbəb nədir?

- Hazırda Azərbaycanda ən mühüm problemlərdən biri ailə məsələsidir. Çox təəssüf ki, bizim müsahibələrdə bar-bar bağırmağımız aidiyyatı qurumların diqqətini cəlb etmir. Çox istərdim ki, bu sahəyə diqqət artsın. Bineyi-qədimdən filosoflar, müdrik insanlar, dini kitablar hamısı bizə onu təlqin edir ki, cəmiyyətin möhkəmliyinin özülü ailədir. Ailələr möhkəm olanda cəmiyyət də möhkəm olur, orada tərəqqi də mümkün olur. Ailə elə bir institutdur ki, ilk növbədə yeni nəslin nümayəndəsini cəmiyyətə hazırlayır, övlad yetişdirir. Uşağın ailədə aldığı tərbiyə onun özünün də, yaşadığı ölkənin də taleyində mühüm rol oynayır. İkincisi, ailə insanın cəmiyyətdən aldığı mənfi enerjidən, yorğunluqdan xilas olmaq üçün sığındığı ocaqdır. Ailə insanın cəmiyyətdə aldığı yaraları sağaldan  doğma bir mühit olmalıdır. Ailə sosial yardımlaşma yeridir. Azərbaycanda əvvəl daha gözəl bir ailə modeli var idi, sadəcə valideyn və uşaqlardan ibarət deyildi. Yaxın ailələr birgə idi. Mənim ailəm, valideynlərim, qardaşımın ailəsi, həyat yoldaşımın ailəsi, əmilər, bibilər, dayılar və sair. Kiminsə başına bir pis hadisə gələndə bir anda 100-200 nəfər onun başına toplanırdı. Düzdür, biz deyə bilmərik ki, gəlin indi də onu saxlayaq. Çünki qloballaşma gedir, cəmiyyətdə çox şey dəyişir. Ancaq sadaladığım bu nüanslara hər zaman ehtiyac var. Ailə saf olanda, ortada yalan və xəyanət olmayanda, o ailəyə kainatdan da müsbət enerji gəlir. Biz rasional düşüncə ilə bunu rədd etməməliyik. Ailə olanda insanların hər birinin qəlbən, ruhən kainatla əlaqələri güclənir. Bu zaman bizim hiss etmədiyimiz qüvvələr də bizə kömək edir. Bu fəlsəfi bir düşüncədir, təsəvvüf fəlsəfəsindən, orta əsr İslam fəlsəfəsindən də gəlir. Həmçinin mənim inkişaf etdirdiyim “Ahəngyol” fəlsəfəsində də bu var. İndiki şəraitdə elə etməliyik ki, saf ailə modelini qoruya bilək. Çünki bu cəmiyyətin inkişafı üçün də vacibdir. Biz bu məsələdə Avropanı yamsılamalı deyilik, çünki onlar özü doğru yolda deyil.

- Əhməd müəllim, söhbət əsnasında “Ahəngyol” nəzəriyyəsinə bir neçə dəfə toxundunuz. Bu nəzəriyyənin mahiyyəti nədir?

- “Ahəngyol” nəzəriyyəsi hazırda dünyada çox uğurla yayılır. 2011-ci ildə Lütfi Zadə onu dəstəklədi, Kaliforniya universitetinin elektron jurnalında da yazdı. İndi 16 ölkədə onun təqdimatı olub. “Ahəngyol” nəzəriyyəsi orta əsr İslam fəlsəfəsindən doğan bir fəlsəfədir və dünya üçün çox faydalı ola bilər. Mən çox istərdim ki, bu mənim nəzəriyyəm kimi yox, bir Azərbaycan elminin brendi olaraq dünyada tanınsın. Xarici ölkələrdə bu gün “Ahəngyol” nəzəriyyəsinə daha böyük maraq var, bizdə isə elə də önəm vermirlər. Bu nəzəriyyənin əsas ideyası odur ki, bütün kainat milyard illərdi ahəng prinsipi ilə mövcuddur və fəaliyyətdədirsə, kainatın istənilən bir hissəsi, o cümlədən yer üzü, o cümlədən insan o zaman düzgün fəaliyyətdədir ki, o,  ahəng prinsipləri ilə fəaliyyətdədir. Ona görə də, cəmiyyətdə xaos yaradanda bilməliyik ki, bu işlərlə ölkəyə daha çox fayda veririk, yoxsa ölkəyə marağı olan xarici qüvvələrə...  Bu gün “Ahəngyol” elmi bizim daha çox tərəqqi etməyimizə kömək edə bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ