SON DƏQİQƏ
» » Müharibə riski sülh şansına qarşı -Gələn ilin təhlükəli gözləntisi

Müharibə riski sülh şansına qarşı -Gələn ilin təhlükəli gözləntisi

Tarix:

25-12-2017, 10:50

/ 917 dəfə oxundu.
Müharibə riski sülh şansına qarşı -Gələn ilin təhlükəli gözləntisi

2017-ci ilin sonuncu həftəsinə girmişik. Adətən ilsonu yekunlar edilir, növbəti təqvimi ili üçün planlar cızılır. Əfsus ki, Dağlıq Qarabağ probleminin dinc yolla həllı ilə bağlı nə ürəkaçan yekun var, nə də 2018-ci il üçün hansısa nikbin plan və ya proqnoz.
Gerçək bundan ibarətdir ki, ATƏT-in Minsk Qrupunu həmsədrlərinin konfliktin həllinə indiki destruktiv yanaşması dəyişməzsə, beləcə, böyük sülh şansı üçün neçə-neçə qiymətli il boşuna gedə bilər. Təsadüfi deyil ki, Qarabağla bağlı proqnozlar əsasən müharibə yönündədir.
Gunaz.az xəbər verir ki, “2018-ci ildə savaş riski həddən artıq yüksəkdir. Çünki məsələnin həlli uzana bilməz”. Bu sözləri istefada olan general, hərbi ekspert Yaşar Aydəmirov “Yeni Müsavata”a müsahibəsində söyləyib.
“Problemin həlli nə qədər uzanacaq? Sadəcə, siyasi dairələrdə bu məsələ ilə bağlı qərar olmalıdır ki, Azərbaycan ordusu öz vəzifəsini yerinə yetirsin. Hər an aprel döyüşlərinin bir neçə misli şəklində döyüş əməliyyatları başlaya və ordumuz düşmənə sarsıdıcı zərbə vura bilər. Amma budəfəki döyüşlər aprel döyüşlərinə bənzəməyəcək, düşmən qat-qat sarsıdıcı zərbələr alacaq, aprel döyüşlərindən böyük fəlakət və sarsılma olacaq” - general bildirib.
Azərbaycan Ordusunun döyüş hazırlığını hərbi potensialını yüksək qiymətləndirən hərbi ekspert döyüş əməliyyatları üçün mövsümi faktorun önəm daşımadığına da diqqət yönəldib. “Sözsüz ki, hər bir komandir qərar verəndə iqlim şəraitini, hansı fəslin olduğunu, gecə, ya gündüzü nəzərə alır. Lakin müasir, hazırlıqlı ordunun vecinə deyil, qərarın qışda, ya yayda verilməsinin fərqi yoxdur. Yəni bütün təminat varsa, heç bir fərqi yoxdur. Lap dekabrın 30-u olsun, yaxud yanvarda qar yağsın, Azərbaycan ordusu istənilən istiqamətdə hərəkət edəcək. Horadiz əməliyyatı da qışın oğlan çağında həyata keçirilmişdi”, - deyə o qeyd edib.
Rusiyalı hərbi ekspert Pavel Felgenhauerin fikirləri də bu qəbildəndir və Azərbaycanın düşmən üzərində hərbi və hərbi-texniki üstünlüyünü təsdiqləyir. Ekspertə görə, son vaxtlar Dağlıq Qarabağda gərginliyin qismən azalması Rusiya və ABŞ-ın təsirinin nəticəsində olsa da, heç kimə, hətta Türkiyəyə və İran da konfliktinin eskalasiyası lazım deyil: “Gərginliyin azalması, yaxud artması konflikt iştirakçılarının qərarından asılıdır. Müharibəni boş yerə başlamırlar. Kimsə faydalı olduğunu biləndən sonra müharibə qərarını verir. Görünür, həm də tərəflərə xaricdən ciddi təzyiqlər olub”.
Felqenqauer konfliktin dinc nizamlanması ilə bağlı nikbin deyil. “Bu gün baş verənlər müvəqqəti sakitlikdir. Tərəflərdən hansısa biri nəsə tətbiq etməyin zamanı gəldiyini düşünəndə bu, xarici dünya üçün sürpriz olacaq”, - deyə o bildirib. Ekspertin fikrincə, regionda situasiya çox gərgindir və heç kimi Qarabağ məsələsi maraqlandırmır. İstənilən tək şey burada sakitliyin olmasıdır.
“Bu gün konfliktin həlli üçün imkan yoxdur. Hər iki tərəf silahlanmağa davam edir. Silahlar həm Ermənistana, həm Azərbaycana tədarük edilir. Əgər konflikt partlasa, bu, çox güclü olacaq. Bu, gələn il də ola bilər” - ekspert qeyd edib. O, tərəflər arasında müharibə başlayacağı təqdirdə Azərbaycanın qalibiyyət imkanlarının çox olduğunu deyib: “Aprel müharibəsi göstərdi ki, erməni ordusunun silahlanma və hərbi hazırlıq baxımından ciddi çatışmazlıqları var. Əgər Azərbaycan apreldə dayanmasaydı, o zaman hadisələrin necə inkişaf edəcəyini söyləmək çətin olardı. Hərbi əməliyyatlar üçün müasir silahlar lazımdır, bu isə Azərbaycanda var. Azərbaycanda zərbə endirəcək pilotsuz aparatlar mövcuddur. Aprel savaşında onlar erməni zirehli maşınları və texnikasını məhv etdilər. İrəvanın belə aparatları yoxdur, hətta Rusiyada da bu mövcud deyil. Azərbaycan indi bəzi şeylərdə Rusiyadan daha irəliyə gedib. Ona görə ki, onlara bu texnikanı İsrail tədarük edir. Rusiya isə belə şeyləri özü istehsal etmək gücündə deyil. Ermənistan keyfiyyətli hərbi texnika baxımından çox geri qalır. Ermənistanda texnika sovetdən qalıb, Azərbaycan isə texnikasını İsraildə modernləşdirib. Azərbaycanın hərbi-texniki üstünlüyü əvvəlki kimi qalır. Bu üstünlük genişmiqyaslı müharibə zamanı Azərbaycanın imkanlarını artıracaq”.
Bu üstünlüyü təbii ki, hamıdan yaxşı işğalçı Ermənistan bilir. Ermənistan bundan sonra silahlanma yarışında Azərbaycanla heç vaxt ayaqlaşa bilməyəcəyinin də fərqindədir. İşğalçı tərəfin yeganə ümidi, əlbəttə ki, rusiyalı ekspertin də vurğuladığı kimi, xarici güclərin geniş miqyaslı hərbi əməliyyatları əngəlləmək üçün münaqişə tərəflərinə, öncəliklə Azərbaycana təzyiq eləməsinədir. Söhbət ilk növbədə Ermənistanın əsas müttəfiqi Rusiyadan gedir.
Doğrudur, Moskva Azərbaycana da silah, döyüş sistemləri verir. Daha doğrusu, dünya bazarı qiymətinə satır. Ancaq Rusiya eyni zamanda Bakının bu silahları döyüşlərdə tətbiq eləməsinə də yaxşı baxmır. Çünki marioneti Ermənistanın qəliz duruma düşməsini və Bakı ilə İrəvan arasında seçim qarşısında qalmasını arzulamır.
Əlbəttə, Azərbaycan bu silahları heç vaxt tətbiq etməyə də bilər - yetər ki, sülh danışıqlarında real irəliləyiş olsun. Bu isə ən əvvəl elə Rusiyadan asılıdır. Di gəl, Rusiya nə müharibə arzulayır, nə də konfliktin dinc nizamlanmasına real töhfə verir. Paradoks budur. Hərçənd, Rusiya tərəfi özünü elə aparır ki, guya məsələdə əsas söz sahibi o deyil, münaqişə tərəflərinin iradəsidir.
Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin Dağlıq Qarabağa dair son açıqlaması buna sübutdur. Orada bir daha “münaqişə tərəfləri səmərəli kompromis axtarışına” çağırılır. Halbuki, münaqişə tərəflərdən birinin - Ermənistanın məsələdə heç bir iradə yiyəsi və söz sahibi olmadığını bütün dünya bilir. İşğalçı ölkənin xarici siyasət kursu da az qala, Kremldə müəyyən edilirsə, hansı kompromis axtarışından söhbət gedə bilər ki?
Bu, olsa-olsa, Moskvanın “ağrımayan başa dəsmal bağlamaq” siyasətidir ki var. Belə bir siyasətin ən azından gələn ilin martınadək - Rusiyadakı prezident seçkilərinədək davam edəcəyi şübhə doğurmur. Demək, ona kimi müharibə riski artmaqda davam edəcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ