SON DƏQİQƏ

El sənətkarları unudulmur

Tarix:

19-12-2017, 20:50

/ 2 000 dəfə oxundu.
El sənətkarları unudulmur

 

            Xalq taleyində mühüm rol oynayan el sənətkarları udulmur və zaman-zaman tarix səhifələrində xatırlanır. Hər zaman sənəti yaşadan və təbliğ edən insanlar xalq məhəbbəti qazanır. Aşıq sənətində xalq məhəbbəti qazanan çoxlu sayda ustad aşıqlarımız var. Tarixin ən qədim qatlarından gələn aşıq sənətini yaşadaraq, təkmilləşdirərək həmin ustadlar bizlərə miras buraxıblar. Sevindiricidir ki, ölkəmizin hər bir bölgəsində aşıq sənətini inkişaf etdirən çoxlu ustadlarımız olub. Bu həqiqətən ürək açan bir məsələdir. Həmin bölgələr zamanla inkişaf edərək məktəblər formlaşdırıb. Bu məktəblərdə çoxlu aşıqlar yetişərək xalq sənətini daha da yüksəklərə qaldırblar. 

            Aşıq müsiqisi milli musiqi sənətimizdə əvəz olunmaz bir yer tutur. Bu musiqidə tariximiz, ədəbiyyatımız cəmlənib. Hər bir musiqinin qədim tarixi kökləri mövcuddur. Nəsildən-nəslə keçərək aşıq musiqisi təkmilləşmiş və ustad sənətkarlar tərəfindən bizə miras buraxılmışdır. Belə ustad sənətkarlardan biri də Aşıq Əzizxan Bəndəliyevdir.

            Aşıq Əzizxan Alxan oğlu Bəndəliyev 1 iyun 1930-cu ildə Ağsu rayonu Birinci Aratkənd kəndində anadan olub. 1950-ci ildən aşıqlıq sənətinə başlayıb. Aşıq Şakir Hacıyev, Aşıq Əhməd Rüstəmov, Xanlar rayonundan Aşıq Məhərrəm Hacıyev kimi aşıqların yanında sənətin sirlərinə yiyələnib. İlk xeyir-duasını Şamaxının Cəyirli kəndindən olan ustad aşıq Aşıq Abbas Söhbətovdan alıb. 1957-ci ildə Azərbaycan SSRİ-də Aşıqların İkinci Festivalında iştirak edib.  Bu iştirakdan sonra aşıq Azərbaycan neftçiləri ilə görüşə dəvət olunub. Qəhrəman neftçilərlə görüşün uğurla keçdiyi üçün aşıq mükafatlandırılıb. Aşıq Əzizxan 1957-ci ildə Ağsu rayon Mədəniyyət Evində Aşıqlar ansamblının rəhbəri və sonra Mədəniyyət Evinin direktoru təyin olunur. 1960-cı ildə Aşıqların III qurultayında iştirak edir. Dəfələrlə respublikada keçirilən dövlət səviyyəli tədbirlərin iştirakçısı olduğunu nəzərə alaraq onu Aşıq Ələsgər adına xalq yaradıcılığı evinin fəxri üzvü seçirlər. 1967-ci ildə Böyük Oktyabr Sosialis İnqilabinin 50 illiyinə həsr olunmuş İncəsənət və özfəaliyyət festivalında fəal iştirakına görə aşığa 2-ci dərəcəli diplom və Laureat döş nişanı təqdim olunur. ÜİLKGİ-nin 60 illiyində iştirakına görə aşıq Fəxri fərmanla təltif olunur. Aşıq dəfələrlə M.Maqamayev adına filarmoniyada Aşıq Şakirlə, Aşıq Baratla, Aşıq Əhmədlə, Aşıq İmranla, Aşıq Mikayıl Azaflıyla, Aşıq Əkbərlə və bir çox ustadlarla çoxlu sayda dövlət səviyyəli tədbirlər və konsertlərdə yaxından iştirak edib. Unudulmaz ustad Aşiq Əzizxan Bəndəliyevin əvəzsiz zəhməti heç vaxt dövlətimiz tərəfindən unudulmayıb. Aşıq dəfələrlə fəxri fərman və diplomlarla təltif olunub. Aşıq Əzizxan Bendeliyev 1990-ci ilin martın 24-də 59 yaşında vəfat edib. Məzarı hal-hazırda Ağsu rayonu Qaraqaşlı kənd qəbiristanlığındadır.

            Aşığın oğlu Elxan Bəndəliyev atası haqqında aşağıdakı xatirələri bizlərlə bölüşdü: “Vaxtı ilə hörmətli alimimiz Rafael Hüseynov Kürdəmirli ustad Aşıq Pirməmməddən müsahibə alanda atam haqqında çox dəyərli sözlər söyləyib. Həmin lent yazısı və sarıtorpaq şikəstəsi atamın ifasında radionun qızıl fondunda saxlanılır. Aşıq Əhməd atam haqında çıxışlarında onun çox güclü səsinin olduğunu vurğulayardı. Mərhum şairimiz Hüseyin Arifin də atam haqqında möhtəşəm çıxışı var. Atamın ifalarını çox bəyənərdi. Həmçinin Hüseyin Arif atamın yaxın dost idi. Aşıq Əhmədin atamın məzarı üstündə söylədiyi şeiri də var”.

            Sözə sığal çəkmək, onu mənalandırmaq olduqca çətindir. Bu yolda hər kəs uğur qazana bilmir. Yalnız vergisi olan şəxslər müvəffəqiyyət əldə edir. Əsrdə bir dəfə yetişən belə insanlar dünya ədəbiyyatı üçün ölməz əsərlər miras qoyur. Bəşəriyyət belə əsərlərlə qaranlıqdan aydınlığa çıxıb. Həmin insanlar unudulmur. Unudulsa belə sözləri əbədi yaşayır. Tarix göstərir ki, qəhrəman və mütəfəkkirlər həmişə bizlədir. Burada şairlər xüsusi ilə fərqlənir. Şairliyin tarixi çox qədimdir. Onların əsər və şeirlərində böyük tarix var. Əsrlərin dərdi, qəmi, kədəri, sevinci, qubarı onların şeirlərində cəmlənib. Bu baxımdan əsrlər boyu poeziya insan taleyi üçün mühüm rol oynayıb.

            Aşıq Əzizxan Xalq şairi Hüseyn Arif, akademik Rafael Hüseynov, folklorşünas alim Elxan Məmmədli və bir sıra tanınmış şəxslərlə yaxından dostluq etmişlər.

            Aşıq Əzizxan Bendeliyevdə yaradıcı aşıq idi. O həmdə sinəsi sözlə dolu bir şair olub. Şeirləri bu gündə yaşayır. Şair və aşığın aşağıdakı şeirlərinə nəzər yetirək:

 

ÇİÇƏKDİMİ

Gülər üzlüm, şəkər sözlüm,

Üzün gülmü, çişəkdimi?

Nərgizi gözlərin sənin,

Ərşdən çıxan şimşəkdimi?

 

Maral baxış, quzu ceyran,

Könlüm olub sənə heyran,

Desin qönçə, lalə, reyhan,

Ətri səndən qəşəngdimi?

 

Kim qınasa Əzizxanı,

Mən tək eşqə düşsün onu,

Gətirsin yüz min ceyranı,

Görüm səndən qəşəngdimi?

 

OLMASIN

Mən istərəm yer üzündə,

Yaz olsun, xəzan olmasın.

Bəşər mehriban yaşasın,

Sülh işin pozan olmasın.

 

İnsanlar olsa mehriban,

Nə dava olmaz, nə də qan.

Yaxşılığı heç bir zaman,

Pisliyə yozan olmasın.

 

Cəht elə Aşıq Əzizxan,

Sadə danış, təmiz dolan.

İnsanlığın haqq yolunda,

Büdrəyib aşan olmasın.

            Poeziyanın insan taleyi ilə yanaşı, insan ömrünə də misilsiz faydası var. Şeir bizə düzgün yol göstərib, haqqı nahaqqdan ayırıb, ədaləti üzə çıxarıb, qəmimizi azaldıb, yaşamı öyrədib, tərbiyəmizi zənginləşdirib, gözəlliyi sevdirib və təbiət-insan arasında qırılmaz tellər yaradıb. Xoş günümüz və dərdimiz poeziyasız keçməyib. Bir xalq olaraq poeziyanın dərin ənənələrinə malikik. “Şeirsiz həyat olmaz”, – desək bəlkəmdə yanılmarıq. Şeir ilhamdı, yenilikdi, haqq carçısıdır. Vaxtı ilə ilk dərsimizi şeirlə almışıq. Şeir döyünən, çırpınan ürəyin həyacanını ağ kağıza köçürülməsidir. Şeir deyərkən göz önünə ilaham pərisi ilə yanaşı həyacanlı ürək gəlir. Şeir Göyün hökmünü Yerə çatdırır. Göylər istəyini şeirlə dilə gətirir.

            Uca Allahdan ustad Aşıq Əzizxan Bendeliyevə rəhmət diləyirik. Ruhu şad olsun.

 

Mahmud Əyyub

 

скачать dle 12.1

Şərhlər