SON DƏQİQƏ
» » 5 ölkənin dəmir yolları rəhbərləri Bakıda toplaşacaq

5 ölkənin dəmir yolları rəhbərləri Bakıda toplaşacaq

Tarix:

2-06-2017, 20:53

/ 4 789 dəfə oxundu.
5 ölkənin dəmir yolları rəhbərləri Bakıda toplaşacaq

Varşava şəhərində Azərbaycan və Polşa dəmir yolları rəhbərləri arasında ikitərəfli görüş keçirilib.
 
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, Polşa Dövlət Dəmir Yolu (PKP) İdarə Heyətinin sədri Kşiştof Maminski beynəlxalq və regional layihələrin reallaşması prosesində, xüsusilə də  Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin artırılması istiqamətində  Azərbaycanın gördüyü işləri, Azərbaycan və Polşa dəmir yolları arasında əməkdaşlığın genişləndirilməsini yüksək qiymətləndirib.
 
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan dəmir yolunda son illər əsaslı islahatlar həyata keçirilir, ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin  gücləndirilməsi istiqamətində görülən işlərdən danışan C.Qurbanov deyib ki, bu marşrut Çindən Türkiyəyə və eləcə də Avropaya, həmçinin əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu marşrut üzrə ilk  sınaq konteyner qatarı 2015-ci ildə fəaliyyətə başlayıb. Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə yaranan marşruta sonra Ukrayna da qoşulub. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq. 2016-cı ilin dekabr ayında marşrutun İnkişaf üzrə Əlaqələndirmə Komitəsi "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” adlı Beynəlxalq Assosiasiya yaradıb və bu qurumun qərargahı Astanada yerləşir.
 
Görüşdə hər iki dəmir yolu arasında əlaqələrin gələcək inkişaf perspektivləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq, logistik problemlərin həllində dəmir yolu administrasiyalarının birgə səyi və digər məsələlər barədə müzakirələr aparılıb.  Müzakirələrdə dövlətlərin strateji baxımdan əlverişli ərazidə yerləşdiyi vurğulanaraq, dəmir yolları sahəsində strateji əməkdaşlığı dəstəkləməkdə, təşviq və inkişaf etdirməkdə maraqlı olduqları, qarşılıqlı müzakirələrin intensivləşdirilməsi və gələcəkdə bu sahədə əməkdaşlıqdan yarana biləcək qarşılıqlı faydalar üçün potensialı araşdırmaq arzuları ifadə olunub. Eyni zamanda, Hindistan – Fars Körfəzi – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılmasına və həmçinin, tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək Cənub-Qərb marşrutunun inkişaf etdirilməsi sahəsində  əlaqələrin qurulması və gücləndirilməsi,  Azərbaycan və Polşa arasında ikitərəfli iqtisadi əlaqələrin səmərəliliyini təşviq edərək, dəmir yolu daşımalarında strateji əməkdaşlığın parametrlərini və əsaslarını müəyyən etməyin vacib olduğu vurğulanıb.
 
Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanaraq, 18-19 iyun tarixində Bakı şəhərində  Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin görüşünün keçirilməsi dəstəklənib.

GUNAZ.az

5 ölkənin dəmir yolları rəhbərləri Bakıda toplaşacaq

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ