SON DƏQİQƏ

"Bir dəli quyuya bir daş atdı..." MÜSAHİBƏ

Tarix:

2-05-2017, 19:51

/ 4 153 dəfə oxundu.
"Bir dəli quyuya bir daş atdı..." MÜSAHİBƏ

Bir aya  yaxındır ki, Oqtayla Ayselin toyu ilə bağlı bəzi saytlarda əsası olmayan, heç bir fakta söykənməyən yazılar dərc edilir. Guya bu toy 400 min dollara başa gəlib və bu pulu Ayselin atası Qüdrət Şükürov ödəyib. Öncədən qeyd edək ki, qərəzli fikirlərlə dolu yazıların mətbuata ayaq açması sağlam jurnalistikamıza zərər vurduğu kimi, insanların şəxsi həyatına kobud müdaxilələr də cəmiyyətin saflığına xələl gətirir. "Qızıl Qələm” mükafatı laueratı, jurnalist Ağa Mehdinin Oqtay bəyin atası Polad Əhmədovdan aldığı müsahibənin çox mətləblərə aydınlıq gətirəcəyi ümidi ilə onu SİA-nın oxucularına çatdırmaq istədik.
 
- Polad müəllim, bəzi KİV-lərdə dərc olunan əsassız yazılar nədən qaynaqlanıb?
- Elə bizə də təsir edən odur ki, bəzi saytlar bizim ailə haqqında tamamilə uydurma məqalələr yazıblar. Ailədaxili məsələlərin mediada qərəzli formada işıqlandırılmasından çox məyus olmuşuq. Bəzi qəzetlərdə və saytlarda davamlı surətdə yazırlar ki, guya biz övladımıza 400 min dollarlıq toy etmişik. Mən toyun sahibi olaraq rəsmi şəkildə deyirəm ki, oğlum Oqtaya toy etmişəm və həmin toya 360 nəfər yaxın qohumlarımı, dostlarımı dəvət etmişəm. Çünki biz Gürcüstanda böyük bir nəsilik və mənim çoxlu qohumlarım, dostlarım, tanışlarım var. Onu da vurğulayım ki,  yol uzaq olduğuna görə Gürcüstanda yaşayan qohumlarımın hamısını dəvət edə bilmədim. Bu toyda da mən bir ata olaraq çalışdım ki, oğlumun qarşısında borcumu yerinə yetirim. Və bunu da etdim. Həmin toyda cəmi 400 nəfər iştirak edib. Onun 40 nəfəri qız evi tərəfinin dəvət edilib. Qudamın dəvət etdiyi 40 nəfər də onun ən yaxın  qohumları olub. Toyun keçirildiyi "Böyük Saray”da demək olar ki, hər gün toy olur. Mən başa düşə bilmirəm ki, niyə məhz mənim oğlumun toyu mediyada belə iftiralarla hallanır? Özü də üstündən 4-5 ay keçəndən sonra. Məgər toy etmək günahdırmı, qəbahətdirmi? Hər bir azərbaycanlı ailəsinin həyatda övladı ilə bağlı bir neçə arzusu var. Onlardan biri də onun toyunu görməkdir. Mən də onu eləyib, arzuma çatmışam. Bəzi adamların və medianın bu məsələ ilə bağlı mənim şəxsi ailə məsələlərimə qarışmasını heç cürə qəbul edə bilmirəm. Axı belə  məsələlərdə bir sərhəd, "qırmızı xətt” olmalıdır. Bunları keçmək heç kimə baş ucalığı gətirmir. Məgər həmin media nümayəndələri öz övladlarına toy etmirlərmi? Həmin toyda biz təxminən 60 min manat pul xərcləmişik. Toya da heç bir məşhur müğənnini, "super ulduzu” dəvət etməmişik. Bu 400 min dollar məsələsi mənim üçün çox maraqlıdır. Axı bu kimin düşüncəsi və xəstə təxəyyülünün məhsuludur, bilmirəm. Axı niyə bunlar qarışqadan fil düzəldiblər? Bu, kimə lazımdır? Bizim adət-ənənəmizə uyğun olaraq, toya gələnlər də gənc ailəyə yardım edirlər və toya pul yazdırırlar. Bizim toya gələnlər də pul yazdırıblar. Toya xərclədiyim 60 min manatı da götürmüşəm. Axı niyə  mənim oğluma etdiyim toy başqalarının gözünə neştər kimi batıb? Bax bunu anlamaq bizim üçün çətindir. Niyə media nümayəndələri xəstə təfəkkürlü adamlara qulaq asıb və qarşı tərəfi dinləmədən, onların fikirlərini öyrənmək istəmədən birtərəfli qaydada ağızlarına gələnləri yazıb, belə bir şou düzəldiblər? 
 
- Qəzetlərdə, saytlarda yazırlar ki, Oqtay "Dəmirbankın” idarə heyyətinin keçmiş sədri Roman Əmircanovun oğludur.
- Bax görürsünüzmu, bu, xəstə təfəkkürlü adamlar mən Polad Yasin oğlu Əhmədovun oğlunu qəzetlər, saytlarda sensassiya yaratmaq xatirinə və heç nəyi dəqidləşdirmədən, müəyyənləşdirmədən Roman Əmircanovun oğlu kimi yazıblar. Belə adamlara nə demək olar? Məgər bunlar xəstə təfəkkürlü adamlar deyillərmi?
 
- Toyda yəqin ki, video da çəkilib.
- Əlbəttə, çəkilib. Yəni toyun keçirilməsi təbii ki, lentə alınıb bir xatirə kimi saxlanılır. Zaman keçdikcə ailə tərəfindən ona baxılır və həmin günlər bir daha xatırlanır. Toyda çəkilən videonun sosial şəbəkdə qoyulması günahdırmı? Əgər istənilən sosial şəbəkəyə girsəniz və ya youtube-yə qoşulsanız orada minlərlə toyun videosunu görə bilərsiniz. Niyə məhz mənim oğlumun və gəlinimin toyu belə müzakirəyə səbəb olub? Bəlkə qudam Qüdrət müəllim dövlət məmurudur, ona görə? Məgər dövlət məmurunun öz övladına toy etməyəi, övladlarını xoşbəxt görməyə haqqı yoxdurmu? Təbii ki, var. Bəs onda niyə bunu nahaqdan, məqsədli şəkildə, kampaniya xarakterli, davamlı olaraq, bizim ailənin üstünə şər-böhtan atmaqla belə formada şişirdib bəzi qəzetlərdə, saytlarda işıqlandırmaq görəsən kimə lazımdır? Onlar bununla kimə və nəyə qulluq edirlər? Bax, bunları anlamaq çox çətindir. Bunu heç Allah da bağışlamaz.
 
- Yazırlar ki, siz Akif Çovdarovun qohumusuz.
- Bu sözlər də yalandır. İftiradır. Çovdarov da, mən də Gürcüstandanam. Gürcüstanda da 800 mindən çox azərbaycanlı yaşayır. Deməli, belə çıxır ki, onların hamısı bir-biri ilə qohumdur? Bu yalan uydurmalar da onların xəstə təfəkkürünün məhsuludur. Çovdarovla mənim heç bir qohumluğum yoxdur və əlaqəm də olmayıb.
 
- Bəs bu kampaniyaya səbəb nədir, haradan qaynaqlanır?
- Mənim gəlinim Ayselin əvvəlki əri ilə ailə həyatı alınmayıb, rəsmi olaraq boşanıblar. Əvvəlki dövrlərə baxanda indi ailələrin dağılması artıq adiləşib. Halbuki əvvəllər bu sensassiya sayılar, el qınağına tuş gələrdi. İndi isə... Bunun da əsas günahkarı kişilərdir, bunu etiraf etmək lazımdır. Bu da ailə dəyərlərinin bir növ itməsidir ki, gəlib belə dəhşətli hallar baş verir.
 
- Deməli, sizin gəlininiz də birinci əri Elşən Əsgərlidən onun günahı ucbatından boşanıb?
- Bəli, belə də olub. Mənim gəlinim birinci ailəsindən məhz oğlanın bağışlanılmaz günahları ucbatından ayrılıb və sonra da mənim oğlumla ailə həyatı qurub. İndi birinci həyat yoldaşı ondan əl çəkmir, gəlinimi və oğlumu şantaj edir. Sosial şəbəkələr vasitəsi ilə mənim gəlinimin və oğlumun ünvanına təhqiramiz yazılar yazır və şəkillər göndərir. Bu sosial şəbəkələr də bizim cəmiyyətə bir bəla olub. Amma onlar yarananda xeyirxah məqsədlər üçün yarandılmışdı. Onu yaradanlar da  xeyirli məqsədlərlə yaratmışdılar ki, insanlar bundan bəhrələnsinlər, savadlarını, düşüncə tərzlərini artırsınlar. Yəqin onların ağlına gəlməzdi ki, bu sosial şəbəkələrdən istifada edənlər, bu işdən çox vaxt qərəzli, çirkin məqsədlər üçün istifadə edəcəklər. Mənim gəlinimin də əvvəlki həyat yoldaşı özünün çirkin əməlləri ilə bizim ailəni yaşamağa qoymur. Bizim həyatımıza müdaxilə edir, bizi təhqir edir, bizi incidir. Məhz belə çirkin işlərdən də biz narahat oluruq. 
 
- Bəs bəzi saytlar və qəzetlər Elşən Əsgərlinin dilindən yazırlar ki, məhz sizin oğlunuz dostları ilə onu döyüb?
- Bu da yalandır. Bununla bağlı video görüntülər var. Orada Elşən mənim oğlum Oqtayı hansı küçə söyüşləri ilə söyüb təhqir etdiyi çox aydın görünür. Mənim 60 yaşım var. Utanıram Elşənin dediyi həmin sözləri dilimə gətirməyə. Əslində Elşən özünün qoçu dəstəsi ilə oğlumu döyüblər. Onun ağzını, burnunu, başını partladıblar. Biz həmin video görüntüləri də məhkəməyə verəcəyik. Qoy onlar kimin kimi döydüyünü görsünlər. Elşən demək olar ki, hər gün saxta profillər yaradır. Orada da nalayiq, təhqiramiz sözlər və şəkillər göndərir mənim oğlumun, gəlinimin ünvanına. Axı, bunu heç kim götürməz. Məgər o mediada bu çirkin yazıları yazanların özlərinə qarşı belə nalayiq işlər, nalayiq sözlər olsaydı və deyilsəydi onlar buna dözərdilərmi? 
 
- Qəzetlər, saytlar yazırlar ki, guya Aysel və Oqtay imkan vermir ki, Elşən gəlib öz oğlunu görsün.
- Bu da yalandır, şər-böhtandır. Bu adam deyir ki, mən övladımı istəyirəm. Sən necə atasan ki, bu 4 ildə bir dəfə oğlunla maraqlanmamısan? Onun necə yaşadığından xəbərin olmayıb. Əgər oğlunu istəyirsənsə bəs onun anasına qarşı bu nə şərəfsizlikdir edirsən? Bəs sabah gələcəkdə həmin uşaq böyüyəndə sənin belə əməllərinə görə "ata sən niyə mənim anamın həyatını cəhənnəmə döndərmişdin?” deməyəcəkmi?  Heç olmasa o bunu düşünürmü? Məgər belə şeymi olarmı? Artıq siz boşanmısız, hər birinizin də həyatda artıq öz yolu var. Sən də get yaxşı adam ol və özünə təzə ailə həyatı qur. Bir normal insan kimi yaşa. Bax bütün bu söhbətlərin də əsası mənim gəlinimin birinci həyat yoldaşının ağılsızlığı ucbatından baş verib. Əlbəttə, düşünürük ki, bəzi media qurumlarının bu əsassız, "qarışqadan fil düzəltmək” iddialarının arxasında hansısa maraq dayanır. Çünki yazıların çap olunduğu həmin media qurumlarının hansı əməllərin sahibi olduğunu cəmiyyət yaxşı tanıyır. 
 
- Yazırlar ki, sizin oğlunuz və gəlininiz Maldiv adalarına gediblər.
- Bəli mənim oğlu və gəlinim Maldiv adalarına səyahərə gediblər. Məgər Maldiv adalarına getmək qadağandır, günahdır? Hər ay Azərbaycandan  Maldiv adalarına 80-100 turust səyahər edir. Bəs bu media nümayəndələri niyə həmin adamlardan yazmırlar, məhz mənim oğlum və gəlinim haqqında yazırlar? Bunun arxasında nə dayanır? Axı Maldiv adalarına gedib-gəlmək heç də böyük xərc tələb etmir.
 
- Yaxşı, siz bütün bu şantaj və təhqirlərə qarşı hüquqi müstəvidə hansı addımları atmağı düşünürsünüz? Axı dövlətin qanunları var, bununla bağlı hüquq mühafizə orqanlarına niyə müraciət etmirsiniz?
- Əvvəl öz abrımıza qısılaraq istəmədik ki, bütün bu çirkin işləri mediada işıqlandıraq. Amma görürük ki, oğru elə qışqırır, doğrunun bağrı yarılır. Artıq belə qərara gəlmişik ki, daha susmaq zamanı deyil. Qoy insanlarımız da əsl həqiqətin necə olduğunu bilsinlər. Buna görə də biz artıq sənədləri hazırlamışıq. Şəxsi həyata müdaxilə, təhqirlərə uğrama, şantajlar və sairə ilə bağlı məhkəməyə müraciət edəcəyik. Milli Məclisdə də bunula bağlı qərar qəbul olunub. Qoy bundan sonra bütün bu məsələləri məhkəmə araşdırsın və kimin nə günahı varsa cəzalandırılsın, kimin-kim olduğu ortaya çıxsın, heç bir ailənin başına belə oyunlar gətirilməsin və nəhayət buna son qoyulsun. Mən inanıram ki, bizim məhkəmə orqanları ədalətin zəfər çalması üçün qanunun bütün üzünü göstərəcəklər. İnşallah məhkəmə hər şeyə aydınlıq gətirər. 
 
- Bəzi media nümayəndələri niyə qarşı tərəfi dinləmədən, qulaq asmadan, münasibət öyrənmədən qərəzli, şantaj və böhtanlarla dolu yalanları yazıblar?
- Elə biz də onlara bu sualı vermək istəyirik ki, siz niyə qarşı tərəfi dinləmədən, onların fikrini öyrənmədən ağzınıza gələn böhtanları yazıbsınız? Bəs hanı sizin insanlığınız? Amma çox fəəssüf ki, bu gün bizim bəzi media orqanlarımız  yalnız belə çirkin əməllərlə məşğuldurlar. Biri ağlına gələni yazan kimi, başqaları həmin məsələnin doğru olub-olmadığını müəyyənləşdirmədən tirajlayırlar. Çünki bu saytlarda işləyənlərin çoxunun jurnalistikadan xəbəri yoxdur. Əvvəllər jurnalist olmaq üçün 5 il təhsil alıb, böyük karifeylərin məktəbini keçirdilər. Qəzetlərdə, televiziyada çalışıb, təcrübə toplayardılar. İndiki media nümayəndələrinin çoxunun heç orta təhsili belə yoxdur. Jurnalist etikasının nə olduğunu bilmirlər və çirkin yollarla pul qazanırlar. 300-400 manat verib sayt açırlar və sonra da düşürlər bu millətin canına. Əlinə bir qələm, bir diktafon, bir kamera alıb, düşürlər ortaya ki, mən də varam. Milləti bu formada şantaj etməkmi olar? Axı belə olmaz. Ailələrin daxilinə müdaxilə etməyə heç kimə icazə verilmir. Ölkə başçısını, yüksək rütbəli məmurları və elə adi adamları təhqir, şantaj etmək olmaz. Bu haqq heç kimə verilməyib. Bunun demokratiya ilə heç bir əlaqəsi yoxdur. Deməli, bir dəli bir quyuya bir daş atır, yüz ağıllı yığışıb həmin daşı çıxara bilmir. Bax bu gün biz belə bir vəziyyətdə yaşayırıq. Üzümü Milli Məclisin deputatlarına və Mətbuat Şurasının üzvülərinə tutub deyirəm, bütün bunlarla bağlı müəyyən qanunlar işlənilsin və bunlara da son qoymaq lazımdır. Cəmiyyətimiz belə çirkablıqdan və çirkab adamlardan təmizlənməlidir. Haqq öz yerini tapmalıdır.
 
P.S. Polad müəllimin yuxarıda dediyi fikirlərlə biz də tam şərikik. Onu da vurğulayırıq ki, insanların səxsi həyatına, ailə-məisət məsələlərinə müdaxilə etmək olmaz, bu bizim milli mentalitetimizə ziddir. Qəzetlərdə, televiziyalarda  və  saytlarda aparılan , heç bir sübuta, dəlilə söykənməyən şayiələr, dedi-qodular əsasında qurulan mənəvi terror heç bir kütləvi informasiya vasitəsinə başucalığı gətirməz. Müasir  jurnalistikanın bəzi nümayəndələrinin yalanlara uyaraq ucuz sensasiya yaratmaq cəhdlərini biz də bir ziyalı kimi qeyri-peşəkarlıq və qisasçılıq kimi qiymətləndiririk. Atalar da deyib ki, "yalan ayaq tutar, amma yeriməz”.

скачать dle 12.1

Şərhlər