Azərbaycanda BMT
kitabxanası fəaliyyət göstərir. Bu kitabxana ölkənin aparıcı ali təhsil müəssisələrindən
birində - Qərb Universitetində yerləşir.
Universitet kitabxana
fondunun zənginləşdirilməsi istiqamətində ardıcıl işlər aparmaqla yanaşı 2016- ildə qurulmuş BMT kitabxanasının beynəlxalq təşkilatların
müxtəlif nəşrləri ilə zənginləşdirilməsi prosesini ötən dövr ərzində davam
etdirib. Təhsil müəssisəsində BMT-nin
Ümumdünya Turizm Təşkilatının Depozitariya Kitabxanası yaradılıb. Bununla
da, Qərb Universiteti ölkəmizdən sözügedən kitabxana proqramına daxil edilmiş
ilk və yeganə ali təhsil ocağı olub.
Bundan başqa,
BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyası, BMT-nin Asiya və Sakit
okean üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Əhali Fondu, həmçinin
Ümumdünya Meteorologiya Təşkilatı və BMT-nin Ətraf Mühit Proqramının birgə beynəlxalq
orqanı olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin Katiblikləri nəşrlərinin
Qərb Universitetinin kitabxanasına töhfə edilməsi barədə müsbət qərar qəbul ediblər
və bu təşkilatlardan da ədəbiyyatlar kitabxana fonduna ardıcıl şəkildə daxil
olur.
Eyni zamanda,
Universitet Ümumdünya Əqli Mülkiyyət Təşkilatının
Depozitariya Kitabxanası Proqramına qoşulub. Sözügedən proqram çərçivəsində
ildə iki dəfə ÜƏMT Katibliyi tərəfindən Qərb Universitetinə müxtəlif nəşrlər təqdim
olunur.
Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanası da oxucuların ixtiyarındadır. Kitabxana paralel
olaraq BMT-nin Uşaq Fondu, ÜTT Ümumdünya Ticarət Təşkilatı, İqlim Dəyişiklikləri
üzrə Hökümətlərarası Ekspertlər Qrupu, Asiya İnkişaf Bankı,Beynəlxalq
İntellektual Mülkiyyət Təşkilatı kimi qurumlarla da sıx əməkdaşlıq şəraitində
işləyir, onların ədəbiyyatlarını qəbul edir.
Kitabxana fondunda 1000-ə yaxın kitab toplanıb. Kitablar
müxtəlif istiqamətləri əhatə edir, onların arasında dərs vəsaitləri ilə yanaşı
nadir məlumat topluları da var. Kitabxanada Azərbaycan dilinə tərcümə olunmuş kitablarla
yanaşı, bir neçə xarici dildə olan ədəbiyyatların elektron variantından da
istifadə etmək mümkündür.
(Fondun siyahısı ilə bu linkdə tanış olmaq olar: http://wu.edu.az//uploads/files/UN_Library_final.PDF)
Kitabxana fondu elmi tədqiqat aparan magistr,
doktorant və dissertantlar üçün də olduqca əhəmiyyətlidir. Belə ki, burada elmin
müxtəlif istiqamətlərinə dair ən son yenilikləri özündə əks etdirən ədəbiyyatlar
toplanıb.
Kitabxana fondu yalnız
Qərb Universitetinin tələbələri üçün deyil, ölkənin istənilən təhsil müəssisəsində
təhsil alan tələbə və magistrlar, eləcə də elmi tədqiqatçılar üçün açıqdır.