SON DƏQİQƏ
» » Sürgündə ikən ilk Sovet Uran yatağını tapan azərbaycanlı alim...

Sürgündə ikən ilk Sovet Uran yatağını tapan azərbaycanlı alim...

Tarix:

30-01-2017, 09:08

/ 5 032 dəfə oxundu.
Sürgündə ikən ilk Sovet Uran yatağını tapan azərbaycanlı alim...

"Xalq düşməni” kimi sürgünə göndərilən azərbaycanlı alim əsil fateh kimi vətənə dönməyə hazırlaşır, elə bu zaman...
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti seçilmiş bir qrup tələbəni Qərbi Avropa, Rusiya və Türkiyədə ali təhsil almaq üçün göndərdi. Cəmiyyətin müxtəlif təbəqələrindən təxminən 100 tələbə xaricə göndərilmiş, Təhsil Nazirliyinə isə buna görə 7 milyon rubl təsis edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qırmızı Ordunun ölkəyə girişi nəticəsində ölkənin sovetləşməsinə baxmayaraq, tələbələr təhsilini davam etdirmişdir. Təhsilini bitirdikdən sonra tələbələrin əksəriyyəti Azərbaycana dönmüş, zavod rəhbərləri və neft yataqlarının idarəçiləri kimi əhəmiyyətli uğurlar əldə etmişlər. Onların bəziləri hətta Lenin ordeni kimi dövlət mükafatları ilə təltif olunmuşlar. Lakin 1930-cu illərdə tələbələrin bir qismi Azərbaycan müstəqilliyinin bərpa edilməsi yolunda fəaliyyəti və Almaniya üçün casusluq ittihamı ilə NKVD tərəfindən repressiyaya uğramışdır.
Azərbaycana dönənlərin taleyi 
Tələbələrin əksəriyyəti təhsilini bitirdikdən sonra Azərbaycana dönmüş və vətən uğrunda çalışmışlar. Azərbaycanda məzunlar görüşlərini davam etdirmiş, sevinclərini və uğursuzluqlarını öz aralarında bölüşmüşlər. Bu tələbələrdən biri də Almaniyada təhsil almış Cəfər Kazımov olmuşdu. 
Cəfər Kazımov 21 dekabr 1896-cı ildə Bakıda anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra 1920-ci ildə Almaniyaya təhsil almağa göndərilir. İlkin olaraq Darmstad texniki ali məktəbində oxumağa başlayır. Sonra təhsilini Frayberq Dağ-mədən Akademiyasında davam etdirir. 27 noyabr 1925-ci ildə təhsilini Dağ-mədən mühəndisi kimi başa vuraraq mühəndis dərəcəsinə layiq görülür.
Cəfər Kazımovun böyük qardaşı - Azərbaycan KP MK Rəyasət heyətinin üzvü, Səhiyyə nazirinin müavini Ağahüseyn Kazımov 1937-ci ildə xalq düşməni kimi həbs edilərək güllələnmişdir. Yeri gəlmişkən, Ağahüseyn Kazımov 1916-cı ildə Kiyev Dövlət Universitetinin Tibb fakültəsini bitirmişdi. I Dünya Müharibəsində həkim kimi iştirak etmişdi. Kommunist ideyalarına sadiq bir insan idi. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman ilk Səhiyyə Komissarı olmuşdur. 1937-ci ildə tam gücü ilə işləyən repressiya maşını onu da "üyütdü". Bəraət alandan sonra 1 N:-li Bakı şəhər poliklinikasına A. Kazımovun adı verildi.
Cəfər Kazımovun isə ən əzablı günləri də məhz həbsdən sonra başladı və bu 1 il 10 ay 15 gün davam etdi. Maraqlıdır ki, müstəntiqlər onun "xalq düşməni" olmasını sübut edəcək heç bir dəlil tapa bilmirdilər. Azərbaycan Xalq Daxili İşlər Komissarının müşaviri 1940-cı ildə Moskvaya ezam olundu və o dövr üçün görünməmiş dərəcədə uzanan bu işə nəhayət ki, yekun vuruldu. Həmin il yanvarın 26-da "xalq düşməni" Cəfər Kazımova 5 il iş kəsilərək Komi MSSR-ə, Uxta şəhərində yerləşən Qütb düşərgəsinə göndərildi. O da digər məhbuslar kimi, çox hissəsi bataqlıqlardan ibarət olan ərazilərdə əsasən meşələrin qırılması və başqa ağır işlərlə məşğul olmuşdu. Hər tərəf buzla, maviyə çalan qarla örtülsə də iş günü 12 saatdan az olmurdu. Belə şəraitdə məhbuslar yorulub əldən düşür, ölümcül vəziyyətdə olurdular. Cəfər Kazımovun milliyyətcə polşalı olan həyat yoldaşı və Bakıda ən hörmətli cərrahlardan biri hesab olunan Mariya xanım ərinə məhbus üçün ən zəruri olan çəkmə, corab, isti paltar və gizli yerdə-çəkmənin dabanında 1000 rubl pul göndərir. Təəssüf ki, Cəfər Kazımov o pulları tapa bilmir... 
"Xalq düşməni" kimi həbs olunmuş insanların içərisində qayğıkeş və rəhmdilli insanlara tez-tez rast gəlinirdi. Onlardan məşhur bakılı geoloq-alim V.Boqaçev və M.Ağamirov  C.Kazımova çox qayğıkeşlik etmiş, mənəvi dayaq olmuşlar.
O zaman həbs düşərgələrində alim və mütəxəssislərə qarşı belə bir ssenari tətbiq olunurdu: - əvvəlcə onları ağır və alçaldıcı işlərə cəlb edir, sonra isə "xüsusi rəhmdillik əlaməti" olaraq həbsə qədər məşğul olduqlarına oxşar işə cəlb edirdilər. Nəhayət ki, Cəfər Kazımova da beləcə "mərhəmət" göstərildi və onu Uxta Kombinatının Mərkəzi elmi-tədqiqat laboratoriyasında elmi əməkdaşlığa keçirdilər və 1945-ci ilin oktyabrınadək orada işlədi. Xoşbəxtlikdən laboratoriya rəisi gənc azərbaycanlı geoloq Rüstəm Vəkilov idi. Sonralar, 60-70-ci illərdə Azərbaycanda yüksək vəzifə tutacaq, əsil-nəcabətli, son dərəcədə ziyalı və ədalətli insan olan R.Vəkilov yeni işçisinə xüsusi qayğıkeşlik göstərir, onunla səmimi rəftar edirdi
1945-ci ilin oktyabrından Uxta Kombinatın Şimalı  Timan  Ekspedisiyasına R.Vəkilovu rəis təyin etdilər. C.Kazımov bu ekspedisiyanın tərkibində uzunmüddətli geoloji axtarış işlərində 2 dəfə  iştirak  etdi;- ilk  dəfə  14  ay,  sonra  isə 9  ay. Ekspedisiyanın  baş geoloqu A.İvanovun verdiyi xasiyyətnaməyə görə C.Kazımov "Tundra şəraitində özünü işgüzar, bacarıqlı və dözümlü bir işçi kimi göstərib. O, vəzifə borclarını həmişə vicdanla, səliqəli və düzgün icra edib".
1947-ci il C.Kazımov üçün çox uğurlu olur. R.Vəkilovun rəhbərliyi altında  ekspedisiya böyük nailiyyət əldə etdi: - Qütbə yaxın yerdə ilk Sovet uranı yatağı tapıldı!  Sovet dövlətinin müdafiə qabiliyyətinin yüksəlməsi yolunda bu kəşfin dəyəri o  dövr  üçün heç bir ölçüyə gəlmirdi. Bu  kəşfin əsas müəllifi şübhəsiz ki, haqlı  olaraq C.Kazımov hesab edilirdi. Düşünmək olardı  ki, bununla da hər şey yoluna qoyuldu.  Böyük zəhmət və gərgin əmək bahasına qazanılmış bu misilsiz nailiyyət C.Kazımovu ruhlandırdı və o, Moskvaya, Sovet rəhbərliyinə müraciət edərək vətənə-Azərbaycana  buraxılmasını xahiş etdi. Təəssüf ki, müsbət cavab ala bilmədi. 
Nəhayət, 1948-ci ilin sonlarında SSRİ-nin Barens dənizi sahilində, Tundrada nəhəng  ehtiyatlara  malik uran yatağının azərbaycanlı fatehinə məzuniyyət götürərək vətənə gəlmək şansı verilir. İlahi, bu möcüzədirmi? "Xalq düşməni”  kimi  Rusiyanın ən ucqarına göndərilən  alim, məhbus, əsil  fateh  kimi  vətənə  dönür". Hətta qızı  Leylaya  Moskvadan qol saatı da almaq istəyir. O, necə də sevinir, nəhayət, sevimli qızını, həyat yoldaşı Mariya xanımı və digər yaxınlarını görəcək. Elə bu zaman dəhşətli bir hadisə baş verir. Sibirin kəsici soyuqlarına, məşəqqətlərlə dolu düşərgə həyatına mətanətlə dözməklə əsil qəhrəmanlıq  nümayiş  etdirmiş insanın - Cəfər Kazımovun bədəninin sağ tərəfi qəflətən iflic olur ki, bu  da onun ömürlük əlil qalmasına səbəb olur. Bu ağır xəbəri onun ömür yoldaşı Mariya xanım Kazımova-Siosinskayaya Cəfər Kazımovun rəisi və yaxın dostu Rüstəm Vəkilov məktubunda ehtiyatla, mənəvi cəhətdən yaralamaqdan ehtiyat edə-edə bildirir. Ağır xəstə olan Cəfər Kazımova nəhayət ki, 1949-cu ildə Azərbaycana qayıtmağa icazə verilir. Onu  Uxtadan  Bakıya həyat yoldaşı  Mariya  xanım ümumi vaqonda gətirməli olur. Maraqlıdır ki, köməksiz heç bir addım belə ata bilməyən insana Bakıda yaşamağa belə icazə vermirlər və o, Şamaxıda məskunlaşmağa məcbur olur. Lakin qayğıkeş və sadiq həyat yoldaşı onu tez-tez gizli olaraq Bakıya gətirirdi. Bəzən, hətta boşboğaz qonşulardan kimsə milisə xəbər verənədək lap aylarla ailəsinin yanında yaşayırdı. O, Bakıya həmişəlik yalnız 1955-ci ildə tam bəraət qazanandan sonra qayıda bildi.
Sovet İttifaqının rəhbəri Nikita  Xruşşovun  gəlişindən  sonra  insanlar "mülayimləşmə" ab-havası hiss edən  zaman o, dəfələrlə təmizə çıxarılmaq – tam  bəraət qazanmaq  üçün  müraciət  etdi  və nəhayət, partiya  sıralarına  da  bərpa olundu.  Fəqət, acı olsa da artıq onun fəal həyat yaşamaq şansı sıfıra enmişdi.
Bakıda məşhur cərrah olan Mariya xanım Cəfər Kazımovun fiziki və mənəvi əzablarının yüngülləşməsi naminə əlindən gələni etdi. Xalqımızın görkəmli oğlu Cəfər Ələsgər oğlu Kazımova 1967-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Qırmızı Əmək Bayrağı  Ordeni verildi.  Bu dövlət təltifi onun xidmətləri və haqsız olaraq çəkdiyi əzabların müqabilində qismən də olsa mənəvi təskinlik idi. 1968-ci ildə Cəfər Kazımov bu amansız dünyaya gözlərini əbədi olaraq yumdu.
Osman Eminov
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ